Rafael Ağayev – Azərbaycanın fəxri, yoxsa “düşmən”i? “Karatenin almazı” yenə üsyan etdi!

Olimpiya mükafatçısı, 5-qat dünya və 10-qat dünya çempionu, Bakı-2015 ilk Avropa oyunlarının qalibi, İslam həmrəyliyi oyunlarının 2 dəfə qızıl medalçısı, dünya oyunları və dünya döyüş oyunlarında 1-ci yerlərinin sahibi Rafael Ağayev ağır durumdadır. Vəziyyət o həddə çatıb ki, dünya karatesinin “almaz”ı növbəti dəfə ictimaiyyətə müraciət edərək olanlardan gileylənib, fəryad qoparıb, üsyan edib. Heç zaman şikayət etməyən veteran idmançı bu dəfə baxımsızlıqdan söz açıb. O bu sənətin fəxri və üzdə olan simasıdır. Demək, onun durumu hazırda Azərbaycanda idmanın mövcud vəziyyətini özündə əks etdirir. Durum çox ciddidir. Ölkənin rəmzlərini nümayiş etdirən bu vasitə hara gedir?

Sitat: “Heç bir işlə məşğul deyiləm. Hər şeyi Allahın ümidinə buraxmışam. Hər hansısa gözləntim yoxdur. Allaha dua edirəm, elə dolanıram. Hansısa idman yarışına hazırlaşmıram və tələbə də hazırlaşdırmıram. Formada qalmaq üçün məşq edirəm. Bir də çayxanalarda oluram və dincəlirəm. Depressiyadayam (gülür). Amma yəqin ki, hər şey yaxşı olacaq.

İdmançılar mənə “layk” qoyanda maaşların kəsirdilər. Deyirdilər ki, baxın a, Rafael Ağayev danışır, çox şey danışır. Deyən yoxdur düz danışır. Danışıram, bəli. Çünki eşidən yox, dinləyən yox, sayan yox. Danışmalıyam da. Nə oldu, Rafaelin “limon” kimi suyunu sıxanda, dünya və Avropa çempionatı olanda, deyəndə ki, dizim ağrayır, – deyirdilər, sən yerlisən, dağlısan, azərbaycanlısan, qanın bizimkidir, sən döyüşməlisən. Mən razıyam, çıxıb bir ayaqla yenə döyüş udurdum. Bir gün ayağıma dərman istədim, iynə lazım oldu. Federasiyadan mənə nə cavab oldu? Bunun Ülvi müəllimə (Quliyevi nəzərdə tutur) heç aidiyyatı yoxdur. Mənə dedilər ki, Rafael sən də artıq bizi bezdirmisən.

Dünyanın “1 nömrəli” idmançısına dediklər söz bax! Mən robotam? Mən onlara dedim, maşın alın, ev verin? Ayağım zədəlidir, o iynəni vurum ki, hambal kimi işləyim də. Onda deyən yox idi. Amma Avropa oyunlarında 150 min manat, İslam oyunlarında 150 min manat, olimpiya oyunlarında 300 min manat qazananda deyirdilər ki, ortaya pul qoyun. Hamıya ondan verəcəyik. Bəs mən yarışa hazırlaşanda, “hamı” harada idi? Sözlə demək deyil: Rafael, biz sənin yanındayıq, arxandayıq. Bu gün mən yan-yörəmə baxanda, o insanları görmürəm. Yəni bu, birmənalıdır. Heç kim məndən inciməsin”.

Rafaelin dediyi hər sözə inanıram. Çoxunu mən də yaşamışam. Azərbaycan milli karate federasiyasında olanlardan da məlumatlı olmuşam. Bəli, tək Ağayev yox, elə digər yerli idmançılar böyük uğurlardan sonra aldıqları mükafatı ortaya qoyublar və ondan AMKF-də çalışan inzibati heyət bəhrələnib. Sadəcə, “Karatenin almazı” ləğəbindən anlaşılan kimi, daha çox qazan(dır)anlardan olub. Söylədikləri buz dağının görünən hissəsidir. Görünməyən tərəfi odur ki, bu ürəyitəmiz insan öncəki gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişəndən sonra yaranan gərginlik, çəkişmə və siyasətin qurbanı olub, istifadə olunub.

Bu gün olimpiya çempionları və mükafatçılarından da səs çıxmır. Onları qınamaq olmaz. Axı danışsalar, qazandıqları medallardan məhrum olarlar, işlərini itirərlər, olimpiya təqaüdləri kəsilər, kasıb düşərlər. Açıq-aydın görünür ki, onlar ancaq idman meydanında kəsərli, cəsarətli və əzmkar olublar, həyatda isə sakit, heç bir işə qarışmayan, ortaya açıq mövqe qoymayan insanlardır. Gerçəkdə isə, arxalarında dağ boyda insan – ölkə başçısı, eləcə də Milli olimpiya komitəsinin prezidenti – idmançıların yaxın dostu İlham Əliyev dayanıb!

Rafaelin dərdi unudulmamış başqa bir karateçi, bu dəfə ustad Mirəli Seyidov fəryad edib, Azərbaycan prezidentindən yardım istəyib. Tarixin acı lətifəsinə baxın: Əhli-Beyt tərəfdarının çox olduğu məmləkətdə Məhəmməd peyğəmbər (ə.s.) soyundan olan bir şəxs imdad diləyir, kömək üçün “Leo bank” 4098 5844 5854 7005 kart nömrəsinə pul köçürülməsinə çağırış edir. Çox acınacaqlı mənzərədir! Müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən əməkdar məşqçi, Azərbaycan cui-citsu federasiyasının prezidenti Mirəli Seyidov ümidini xeyirxah insanlara bağlayıb. Artıq müəyyən məsələlər öz orbitindən çıxıb, okeanın o tayınadək aşıb və siyasi don geyinib. Yurd dışında yaşayan jurnalist Sevinc Osmanqızı öz internet kanalında Rafael Ağayevin Azərbaycanda, keçmiş bədii gimnast Zeynəb Cavadlının BƏƏ-də qopardıqları haraydan, umduqları yardımdan söz açıb. İdmanda vəziyyət heç də yaxşı görünmür. Sonrası necə olacaq, bunu tək Allah bilir…

Kamran HACI

Həmin kateqoriyadan