- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkaran”ın müdafiəçisi Rasim Ramaldanov qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– İlk olaraq komandanızın qış hazırlığı haqda fikirlərini öyrənək…
– Mən “Xəzər Lənkəran”la Antalyada iki gün qala bildim. Zədəm olduğundan müalicə üçün Ankaraya getdim. Daha sonra Bakıya dönüb burada müalicəmi davam etdirdim. Komandayla bir yerdə olmamışam. Düzdür, internet vasitəsi ilə oyunları izlədim. Deyə bilərəm ki, rəqabətədavamlı bir komandamız var. İstənilən rəqibə müqavimət göstərə bilərik. Çalışacağıq ki, turnir cədvəlində yaxşı mövqedə qərarlaşaq. Çətin olacağını bilirik. Amma bunun üçün bütün qüvvəmizlə mübarizə aparacağıq.
– “Xəzər Lənkəran” gəncləşdirmə siyasəti apardığından bir çox futbolçusu ilə yollarını ayırdı. Sənin komandada qalmağını rəhbərlik istədi, yoxsa sən özün irəli sürülən şərtlərlə razılaşdın?
– Mənim komandamla mövsümün sonuna kimi müqaviləm var. Klub rəhbərliyi də komandada qalmağımı istədi. İrəli sürdükləri şərtlər mənim istəklərimə uyğun gəldiyi üçün “Xəzər Lənkaran”da qalmağa qərar verdim.
– Komandadan ayrılan futbolçuların da bir çoxunun müqaviləsi var idi. Ancaq onlar razılaşmadı. Sənə digərlərindən fərqli nə təklif gəldi ki, razılaşdın?
– Mətbuatdan oxumuşdum ki, komandadan mən də göndərilirəm. Ancaq getdim klub rəhbərliyi ilə söhbət etdim. Mənim müqaviləmdə elə də böyük dəyişiklik olmamışdı. Bu gün bu klubda olmaqdan çox məmnunam. Digər futbolçulardan fərqli heç bir təklif olmasa da, mənim üçün normal şərtlər olduğu üçün klubda qalmağı qəbul etdim. Həm də komandamı pis vəziyyətdə qoyub gedə bilməzdim.
– Bu heyətlə “Xəzər Lənkəran”dan nə gözləmək olar?
– Hamımız bilirik ki, çətin olacaq. Ancaq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Qarşıdan “Simurq”la oyun gəlir. Əsas məqsədimiz bu oyundan bizə lazım olan xalla ayrılmaqdır. Futbolçularımızın bəzilərinin Premyer Liqa təcrübəsi olmasa da, bu oyunda yaxşı mübarizə aparacaqlarına əminəm. Çünki onlar çox həvəslidirlər.
– Turnir cədvəlinə baxsaq, avrokuboklara getmək şansınızı itirmədiyiniz görünür. Səncə, bunu bacara biləcəksiniz?
– Çempionatda yaxşı heyətə malik komandalar çoxdur. Bizim üçün hər şey heç də asan olmayacaq. Ola bilsin ki, başlanğıcda iki-üç oyun çətin olsun. İnanıram ki, sonra hər şey qaydasına düşəcək. Bizim üçün əsas üzərimizə düşən vəzifənin öhdəsindən yaxşı gəlməkdir. Çalışacağıq ki, bizə olan etimadı doğruldaq.
– Əvvəlki heyətdən bir çox futbolçular müdafiə xəttindən şikayətlənirdi. Bu problemlər yenə də varmı?
– Komandanın qələbəsi də, məğlubiyyəti də bütün futbolçuların adı ilə bağlıdır. Kiməsə söz atmaq düzgün deyil. Problemlər ola bilər, amma əsas olan komanda şəklində çətinliklərin öhdəsindən gəlməkdir. İnanıram ki, hər şeyin öhdəsindən gələcəyik. Bu gün çox mehriban və mübariz bir komandamız var.