Roman Qriqorçuk: Kombinasiyalı futbol nümayiş etdirən komandaya qarşı oynamaq çətindir

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsinin ilk oyununda sabah Gürcüstan “Saatredia”sını qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis matç barədə bunu deyib:

Qısa müddətdə qarşılaşmaya mümkün qədər yaxşı hazırlaşmışıq. Gürcüstanda baş tutan təlim-məşq toplanışı əla keçdi. Heyətdə dəyişikliklər olduğundan nə dərəcədə güclü olduğumuzu deyə bilmərəm. Özüm üçün də sabah necə oynayacağımız maraqlıdır. Amma onu deyə bilərəm ki, yeni futbolçulardan, onların meydandakı bacarığından razıyam. Onların məşq və yoxlama oyunlarında göstərdikləri tələblərimizə və üslubumuza uyğundur. Bunun sabahkı matçda da belə olacağına ümid edirəm.

Start heyəti ilə bağlı çox variantımız yoxdur. Bizə klubun gənc yetirmələri qoşulub. Onlara inanırıq. Amma sabahkı oyuna hamısı hazır deyil. Ümumilikdə isə, komandaya gec qoşulan bəzi oyunçular istisna olmaqla, yetirmələrim matça hazırdır. Yaxşı futbol göstərib, lazım olan nəticəni qazanacağımıza inanıram. Hücum xətti əsasən yeni oyunçulardır. Bu futbolçuları seçib götürmüşük və onlara güvənirik. Onlar komandanın oyun üslubunu yaxşı başa düşür və bunu sabah meydanda da göstərməlidir”.

Baş məşqçi rəqib haqda fikirlərini açıqlayıb və uğur qazanmaq üçün hücum xəttinin oyununun vacibliyini qeyd edib: “Rəqibi yaxşı təhlil etmişik. “Samtredia” çox yaxşı komandadır. Fərdi ustalığa malik oyunçular inamlı çıxış edir və komandada uyğunlaşma yüksək səviyyədədir. Bu bizim üçün çətinlik yaradacaq. Çünki kombinasiyalı futbol nümayiş etdirən komandaya qarşı oynamaq çətindir. Düşünürəm ki, bunun öhdəsindən gələ bilərik. Yaxşı nəticə qazanmaq üçün isə özümüz hücumda yaxşı oynamalıyıq. Matçın taleyi də bizim ön xətdəki oyunumuzdan asılı olacaq

Həmin kateqoriyadan