Roman Qriqorçuk: “Lill”dən çəkinmirik

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Fransanın “Lill” klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi mətbuat konfransında fikirini bölüşüb. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin açıqlamaları ilə tanış edir:

“Komandamızın durumu gündən günə daha yaxşı olur. Hazırlıq baxımından hər şeyin qaydasında olduğuna tamamilə əminəm. İnanıram ki, sabah Lilldə əsl futbol bayramı olacaq. Təbii ki, bu bayramın qəhrəmanları olmaq istəyirik. Fransadakı qarşılaşmada müdafiə futbolu göstərmək fikrində deyilik. Belə oyunun tərəfdarı deyilik. Həm sabahkı qarşılaşmanın, həm də mərhələnin ümumi nəticəsi də bizim hücumda necə oynamağımızdan asılı olacaq. Buna görə də həm taktiki cəhətdən düzgün, həm savadlı, həm də səliqəli hücum futbolu oynamalıyıq.

Rəqib haqda kifayət qədər məlumatımız var. Deməzdim ki, onlardan çəkinirik. Amma “Lill”in gücünü də bilirik. Bu komandanın heyətində sürətli oyunçular var. Bu, onların üstünlüyüdür. Biz də bunun öhdəsindən gəlməyə çalışacağıq. “Qəbələ” və “Lill”i müqayisə etmək istəməzdim. Biz qısa vaxtda çox şeyə nail olduq. Bu üzdən komandamdan da razıyam. İstədiyimiz üslubda oynamağa nail olmuşuq. Bu mövsüm belə sürətli və fərdi ustalığa malik oyunçuları olan rəqiblə qarşılaşmamışıq. Bu üzdən, Fransadakı görüş bizim üçün ciddi sınaqdır”.

Həmin kateqoriyadan