Roman Qriqorçukdan etiraf: “İlk hissədə strateji cəhətdən düzgün oynamadıq”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 3-cü turundan təxirə salınmış “Sumqayıt” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, ukraynalı çalışdırıcısı 2:0 hesabı ilə bitən matçla bağlı bunu söyləyib:

“İlk hissədə strateji cəhətdən düzgün oynamadıq. Rəqib tamamilə müdafiəyə çəkilmişdi. Belə qapanan komanda ilə matçda sürətli, aqressiv oyun nümayiş etdirməli, hücumların kəsərini artırmalısan. Biz isə topa nəzarət edir, ötürmələrlə təşəbbüsü ələ alsaq da, ön xətdə lazımı oyunu göstərə bilmirdik. Fikrimcə, Petar Franyiç əldə etdiyi imkandan yararlansaydı, görüşün axarı da fərqli olardı.

Ümumilikdə, ilk yarıda hücumda dişsiz göründük. Fasilədə bu barədə futbolçularla söhbət apardım. İkinci hissədə daha aqressiv olduq. Mən təkcə meydana sonradan çıxan oyunçuları demirəm. Bütün komanda qol istəyi ilə mübarizə apardı və bu da öz nəticəsini verdi. Ağır qrafiklə oynayırıq. Lakin mən heç vaxt təqvimdən şikayətlənmirəm.

Çünki UEFA Avropa Liqasının qrupunda çıxış edən komanda belə sıx təqvimdə oynamalıdır. Bu üzdən heç bir problem görmürəm. Belə vəziyyətdə daha ciddi iş görülməlidir, təhlil aparılmalıdır. Şikayətlənmək deyil, buna sevinirik ki, belə tez-tez oynayırıq. Qrupa düşməsəydik, qarşılaşmalarımız daha az olacaqdı. Liderlik baxımından əhəmiyyət kəsb etdiyindən futbolçularla danışığımız oldu. Emosiyalarımı gizlətməyi xoşlamıram. Dabonun 90-cı dəqiqədə 60 metr qaçıb qol vurmasına həqiqətən sevindim”.

Həmin kateqoriyadan