- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin avrokuboklarda uğurlu çıxışı bir sıra maraqlı məqamlarla yadda qalıb. Allsport.az xəbər verir ki, bu araşdırma yazısında Avropa Liqasının ikinci təsnifat mərhələsində əldə olunan tarixi uğura xüsusi toxunulub.
Yubiley oyununda ilklər
Avropa Liqasının II təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə cavab matçı “Qəbələ” üçün bir çox məqamlara görə əlamətdar olub. Əvvəla, bu, komandanın 10 illik tarixində 350-ci oyunu idi. Bu matçda qazanılan qələbə ilə “qırmızı-qaralar” tarixində ilk dəfə iki mərhələ adlayaraq Avropa Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə əldə etdi. “Qəbələ” eyni zamanda Azərbaycan və Serbiya klublarının avrokuboklarda 12-ci görüşündə ölkəmizə ilk qələbəni qazandırdı.
“Bakcell Arena”da qalib Qriqorçuk…
Ukraynalı baş məşqçi Roman Qriqorçuk “Bakcell Arena”da qazandığı qələbə ilə Azərbaycan futbolu tarixinə düşüb. Belə ki, bu, həmin stadionda Azərbaycan klublarının qitəmiqyaslı turnirlərdə ilk qələbəsi olub. 2013-cü ildən qitəmiqyaslı klub turnirləri üçün meydan olan “Bakcell Arena”da “Neftçi” 4 dəfə oynasa da, qələbə qazana bilməmişdi. Ümumiyyətlə, bu arena Qriqorçuk üçün düşərlidir. Belə ki, 50 yaşlı mütəxəssis orada ilk matçında (Azərbaycan Premyer Liqası. 2014/15 mövsümü. “Qəbələ”ylə “Neftçi” – 3:1) qalib gəlmişdi. Avrokuboklarda növbəti ev oyunu – “Apollon”la matç da bu gün bu stadionda olacaq. Maraqlı məqamlardan biri də budur ki, cari mövsümdə qitəmiqyaslı turnirlərdə klublarımız arasında ev oyunlarında qalib gələn yeganə komanda hələ ki “Qəbələ”dir. “Neftçi”, “İnter” və “Qarabağ” öz meydanlarında heç-heçə ediblər.
…və onun avrokuboklarda imza atdığı ilk
Qriqorçuka məxsus tarixi nailiyyətlərdən biri də onun Azərbaycan klubu ilə ilk mövsümdə avrokuboklarda 2 mərhələ adlamasıdır. Doğrudur, 2008-ci ildə həmyerlisi Anatoli Demyanenko da oxşar uğura imza atmışdı. Ancaq onun “Nefçi”nin baş məşqçisi kimi çıxış etdiyi turnir – İntertoto kuboku Avropa Liqasından aşağı səviyyəli yarış idi. Bəllidir ki, “İnter” də gürcüstanlı yeni baş məşqçi Zaur Svanadzenin rəhbərliyi ilə ilk dəfə 2 mərhələ adlayıb. Ancaq Qriqorçukdan fərqli olaraq, Svanadzenin uzun müddətdir ölkəmizdə işlədiyini və baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi olduğunu nəzərə almalıyıq.
Zenyov dublla futbol tariximizə düşdü
Sergey Zenyov “Qəbələ”nin heyətində avrokuboklarda dubl edən ilk futbolçu kimi tarixə düşüb. Ona qədər 7 futbolçu – Müşfiq Hüseynov, Əfran İsmayılov, Vüqar Nadirov (hər üçü “Qarabağ”), Vadim Vasilyev, Denis Silva (Braziliya, hər ikisi “Neftçi”), Feliks Felipe Almeyda (Braziliya, “Bakı”) və Baçana Sxadadze (Gürcüstan, “İnter”) bir oyunda 2 dəfə rəqib qapısına yol tapıb. Sergey Azərbaycan klubunun heyətində qitəmiqyaslı turnirlərdə təkcə dubl edən deyil, həm də ilk qol vuran estoniyalı futbolçu kimi də tarixə düşüb. 26 yaşlı hücumçu əsas komandamızda qol hesabını açan 95-ci futbolçu olub.
Sadiqov mərhələ keçməkdə rekorçudur
Rəşad Sadiqov artıq 3-cü klubun heyətində avrokuboklarda mərhələ adlayır. 32 yaşlı yarımmüdafiəçi “Qəbələ”yədək “Neftçi” və “Qarabağ”da bu uğura imza atıb. Ümumiyyətlə, avrokuboklarda 50 oyuna çıxan Sadiqov klublarla ən çox mərhələ keçən futbolçulardandır. Belə ki, o, “Neftçi” ilə 3 dəfə (2 dəfə Çempionlar Liqasında, 1 dəfə Avropa Liqasında), “Qarabağ”la 7 dəfə (hamısı Avropa Liqasında), “Qəbələ”ylə 2 dəfə (hər ikisi Avropa Liqasında) mərhələ adlamaqla, ümumilikdə, buna 12 dəfə nail olub. Bu, futbolumuzda özünəməxsus rekordlardan sayılır. Bundan başqa, Sadiqov 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə çıxan ilk komandamızın, “Neftçi”nin heyətində oynayıb.
“Qəbələ”də hələ ki, qol hesabını açmayan futbolçu avrokuboklarda 7 dəfə fərqlənib. Bununla Rəşad qitəmiqyaslı turnirlərdə ən çox qol vuran azərbaycanlı futbolçudur. Əslində, Sadiqov 8 dəfə fərqlənsə də, UEFA onun 3 il öncə Avropa Liqasının pley-off mərhələsində APOEL-ə vurduğu qolu Cavid İmamverdiyevin adına yazmaqla səhv edib. İndi isə Rəşad Kiprin digər təmsilçisi “Apollon”la sınağın iştirakçısıdır.
Xatırladaq ki, ölkəmiz avrokuboklarda ilk xalını və ilk dəfə qrupa vəsiqəni məhz APOEL-lə oyundakı qələbəylə qazanıb.