Şahin Çatma Gəncədə

Yeniyetmə və gənc qızlardan ibarət voleybol üzrə milli komandaların baş məşqçisi Şahin Çatma “Gəncə” VK-nın voleybol akademiyasının istedadlı idmançıları ilə görüşüb.

Allsport.az xəbər verir ki, Gəncə OİK-də keçirilən görüşdə şəhərin eyniadlı klubun prezidenti Elvar Osmanov, yeni Azərbaycan partiyasının idarə heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, eləcə də, Azərbaycan voleybol federasiyasının nümayəndəsi Məftun Salmanov da iştirak ediblər.

Görüş çərçivəsində Şahin Çatma yeniyetmə voleybolçulara öz məsləhətlərini verib, onları maraqlandıran sualları cavablandırıb. Məşqçi idmançılara voleybolun texniki və taktiki incəlikləri, komanda prosesində çalışma zamanı üzə çıxan çətinliklərin aradan qaldırılması yolları və peşəkar idmançı olmağın əsas prinsipləri barədə məlumat verib.

Uşaq voleybolunun önəminin xüsusi vurğulandığı görüşdə “Gəncə” VK-nın Azərbaycan voleybol federasiyasının “Volleyball Kids” layihəsinə verdiyi davamlı dəstək xüsusi vurğulanıb. Layihənin əsas məqsədi uşaq və yeniyetmələr arasında voleybolun kütləviliyinə nail olmaq, istedadlı idmançıların aşkara çıxarılması və onların peşəkar idman aləminə qazandırılmasıdır. “Gəncə” VK bu istiqamətdə mütəmadi olaraq yeni nəsil idmançıların yetişdirilməsinə xüsusi diqqət yetirir.

Türkiyəli mütəxəssis yeniyetmə voleybolçların məşqini izləyib və sonda xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan