Şahin Diniyev “Kəpəz”də hər qələbə üçün nə qədər mükafat verildiyini açıqladı

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bizim üçün ən çətin oyunlardan birinin olacağını demişdim. Çünki rəqibin itirəcəyi bir şey yoxdur. Bizim üçün 6 xallıq bir oyun idi. Komandaya aqressiv oynamağı, erkən qol vurmağı tapşırmışdıq. Mənə elə gəlir ki, komandam tez hücumlar qurmağa, rəngarəng futbol oynamağa çalışdı. İlk hissədə qol vurduq, eyni zamanda çox güc itirdik. İkinci hissədə bizim üçün çətin olacağını bilirdim. Amma vəziyyəti normal saxlaya bildik. Azarkeşlər daha çox qol istəyə bilər.

Amma futbol gözəlliklə yanaşı, nəticə də tələb edir. Məncə, biz ilk hissədə gözəllik yaratdıq, ikinci hissədə isə nəticə üçün oynadıq. Komandada çətinliklər var. Lakin buna rəğmən futbolçular hər hansı bir narazılıq etməyiblər. Mövsümün sonuna qədər də mübarizə aparacağıq. Futbolçularla söhbət etmişəm. Bildirmişəm ki, seçim sizindir. İstəyirirsinizsə, aşağı yerlər üçün oynayın, istəyirsinizsə, yuxarı yerlər üçün oynayın. Qələbə üçün 10 min manat mükafat verilir.

Bu 10 min manatı biz 53 nəfər arasında bölürük. Fotoqraf da, otbiçən də, xadimə də, futbolçu da mükafat alır. Mənə elə gəlir ki, “Kəpəz” Azərbaycan futboluna rəngarənglik gətirib. Azarkeşlərin stadiona gəlməsi də buna əyani sübutdur. Mən klub rəhbərləri ilə “Zirə” ilə matçdan sonra da görüşüb, problemləri xatırladacağam”.

Həmin kateqoriyadan