Samir Əliyev: “İstəyirik ki, həmin oyunçuları futbolumuza qazandıraq”

“Neftçi”nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Əsas məqsədimiz qalib gəlmək idi. Xal itkisi bizi sonuncu pillələrə yuvarlandıracaqdı. Qarşıda “Xəzər Lənkəran” və “Qarabağ”la oyunlarımız var. Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi. İlk hissədə qol vurmaq məqsədimizə çatdıq. Aylton qırmızı vərəqə aldıqdan sonra “Rəvan” ikinci hissədə bizə problem yaratdı. Emin Quliyevə uğurlar arzu edirəm. Düşünürəm ki, “Rəvan” çox komandanın başını ağrıdacaq.

Bundan sonra “Xəzər Lənkəran”la oyunu düşünəcəyik. Həmin oyun derbidir, amma bizim üçün komandanın fərqi yoxdur. “Xəzər Lənkəran”ın gənc oyunçuları da yaxşı təsir bağışlayır.

Vüqar Nadirovun “Neftçi”yə keçmək ehtimalına gəlincə, həmin futbolçu gündəmimizdə deyil. Onun cinahında çox futbolçumuz var. İstəyirik ki, həmin oyunçuları Azərbaycan futboluna qazandıraq”.

Həmin kateqoriyadan