Snoubord yarışı üzrə Heydər Əliyev kuboku

Yanvarın 26-da “Şahdağ” turizm mərkəzinin və Azərbaycan qış idman növləri federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kategoriyalarında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev kuboku təşkil olunub.

Allsport.az xəbər verir ki, yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

Turnirdə öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.

Uşaqlar arsında keçirilən yarışın nəticələrinə əsasən 9-12 yaş oğlanlar arasında Kamal Bəşirli l yer, Daniel Belousov ll yer, Mətin Mehdi isə lll yerə sahib olub.

13-17 yaş qızlar arasında Alisa Qərifova, oğlanlar arasında isə Daniel Omelyanyuk yarışın qalibi seçilib.

18-22 yaş qadınlar arasında Nuran Musayeva öz kateqoriyasında lider olub.

23-45 yaşda olan qadınlar kateqoriyasında I yerdə Yevgeniya Cavadova, II yerdə Cəmilə Məmmədova, kişilər arasında I yerdə Edik Murtuzayev, II yerdə Rəsul Aslanov, III yerdə İqor Kulakov qərarlaşıb.

46-56 yaş kateqoriyasında qadınlar arasında yarışın qalibi İrina Qərifova olub. Kişilər arasında I yerin sahibi Aydar Qərifov, II yerin sahibi isə Ceyhun Vəzirov olub.

Veteran snoubordçular arasında Azad Kəlbiyev yarışı qalibiyyətlə yekunlaşdırıb.

Yarışın sonunda qaliblər “Şahdağ” turizm mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Heydər Əliyev kuboku 1-2 fevral tarixlərində müxtəlif yaş kategoriyalarında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə davam etdiriləcək.

Həmin kateqoriyadan