Yeniyetmə güləşçilərin son ölkə birinciliklərində hakimlərin bəzi qərarları narazılıqla qarşılanıb

Gəncə idman sarayında 3-13 fevralda yunan-Roma və sərbəst güləşçilərin U-20 Azərbaycan çempionatı, növbəti gün qızlar arasında U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə U-17 yunan-Roma və sərbəst güləş üzrə ölkənin ən güclülərinin yarışı keçirilib. 11 gün davam edən rəqabətdə Dünya Güləş Birliyinin qaydalarına uyğun olaraq, görüşləri yerli (beynəlxalq və milli dərəcəli) hakimlərlə yanaşı, yurd dışından dəvət edilmiş ən ali (I-S) kateqoriyaya sahib referilər idarə ediblər. Yüksək təşkilatçılığın qeydə alındığı tədbirdə bəzi tutaşmalarda hakim qərarları mübahisə doğurub. Elə hallar olub ki, əcnəbilərin də sözü keçməyib. Narazı qalanlar sonradan Azərbaycan güləş federasiyasında yeni yaradılan appelyasiya komitəsinə görüntülər göndərərək, şifahi şikayət ediblər. Bu barədə Allsport.az-a müraciətlər daxil olub. Məsələni aydınlaşdırmaq üçün saytımız AGF-ə sorğu göndərib. Cavab gecikməyib və federasiyanın sözçüsü Sərxan Musalı bunu deyib:

“Bildiyiniz kimi, 3–13 fevral tarixlərində Gəncə idman sarayında gənclər və yeniyetmələr arasında güləş üzrə Azərbaycan çempionatı uğurla təşkil olunmuş, yarış güləş ictimaiyyəti tərəfindən ümumilikdə müsbət qiymətləndirilmiş və təşkilati-idman baxımından əhəmiyyətli nəticələr əldə edilmişdir. Təbii ki, belə miqyaslı yarışlarda müəyyən texniki və təşkilati məqamların mövcud olması istisna deyil və federasiya olaraq bu məsələlərə konstruktiv yanaşaraq aşkarlanan çatışmazlıqları təhlil edir, növbəti yarışların daha yüksək səviyyədə təşkili üçün müvafiq təkmilləşdirmə tədbirləri həyata keçiririk.

Görüşlərin idarəçiliyi ilə bağlı qeyd etmək istərdik ki, məşqçilərin qaydalar üzrə məlumatlılıq səviyyəsində müsbət dinamika müşahidə olunur, çelenc hüququndan isə daha əsaslı və zərurət yarandığı hallarda istifadə edilir ki, bu da aparılan maarifləndirici tədbirlərin effektivliyini göstərir. Ümumilikdə, güləş yarışlarında qaydaların tətbiqi ilə bağlı müəyyən sual və etirazların yaranması idman praktikasında təbii hal hesab olunur və belə situasiyalarda hakimlər kollegiyası operativ, obyektiv və izahlı yanaşma sərgiləyərək məşqçilərlə maarifləndirici kommunikasiya qurur. Yarışın gedişində yaranmış suallarla bağlı edilən şifahi müraciətlər hakimlər tərəfindən yüksək peşəkarlıq və obyektivliklə cavablandırılmış, eyni zamanda hər hansı görüşün idarəçiliyi ilə bağlı Appelyasiya komitəsinə rəsmi müraciətin daxil olmaması, ümumi idarəçilik prosesinə olan etimadın göstəricisi kimi dəyərləndirilə bilər”.

Hələ keçmiş ittifaq dönəmində Azərbaycan güləşində güclü hakimlik olub. Sovetlərdən bu yana ədalət qoruyucularımız daim yay olimpiya oyunlarında iş başındadırlar. Amma son vaxtlarda fərqli mənzərə yaranıb. Vaqif Zeynalov, sonra Hicran Şərifovla Natiq Hacıyev, daha sonra hakimlər kollegiyasının sədri Qərib Əlieyevin təqaüdə yollanması, çox təcrübəli və bütün vəziyyətlədən çıxmağı bacaran İntiqam AlıyevElman İsmayılovun müəyyən səbəbdən hakimlikdən uzaqlaşması bu sahədə boşluqlar yaradıb. Hazırda ədalət təmsilçiyində parlayan yeni ulduz – Bəşir İsazadə, nisbətən təcrübəlilər – Sədi Quliyev,Vüqar Şükürov, Tural Əliyev və digərləri durumu bir qədər tarazlıqda saxlamağa çalışırlar. Hazırkı gedişat onu deyir və göstərir ki, Los Anceles-2028 olimpiadasına ən layiqli namizədlər elə adları son çəkilən 4 referimizdir. Elman İsmayılova dəstək olarsa, o da “dördilliy”i haqq edir. Söhbət ədalətdən gedirsə, mənə görə bu dəfə olimpiya oyunlarına Sədi Quliyevlə Elman İsmayılov yollanmalıdır. Növbəti idman bayramına Bəşir İsazadə və Vüqar Şükürov hazırlanmalıdır. İntiqam Alıyev pis vərdişindən birdəfəlik qurtularsa, o da nə vaxtsa olimpiada sevinci yaşaya bilər.

İdman spesifik sahədir, burada çox həssas və incə məqamlar var. İdman – qərəzi, kinayəni, şəxsi ədavəti sevmir. Buna gedənlər gec-tez özlərini ifşa edir, nüfuzdan və etibardan olur və tədricən meydandan uzaqlaşdırılırlar. AGF-də hakimlər kollegiyasının yeni sədri Asif Şirəliyev uzun müddətdir ancaq böyüklərdə hakimlik edir. Kiçikyaşlıların və yeniyermələrin güləşində isə mənzərə fərqlidir. Burada vəziyyət hər an dəyişir, hesab bir neçə dəfə oynayır, səhvlər bir-birini əvəz edir, sürət zirvə həddində olur. Narazılıq çox olarsa və ya çoxdursa, bu, xarici hakimlərin faydalılığını şübhə altına qoyur. Nə olsun onların olimpiya dərəcələri var. Əcnəbilərlə sığortalanmaq yerliləri arxa guşəyə çəkir. Vəhdət yoxdursa, demək, kim(lər)sə işə maneəçilik törədir.


Ötən ay Bakı idman sarayında keçirilmiş ustaların ölkə çempionatı kimi bu tədbirlərə də külli miqdarda vəsait xərclənib. Bu dəfə də Azərbaycan güləş federasiyası gənclər və idman nazirliyinə xeyir verib. Yerli-gəlmə təxminən 30 hakim olub. Elə bu sayda da federasiyadan və yarışla bağlı əməkdaş cəlb edilib.  Onların hamısı bu 11 gündə adı çəkilən məkanın mehmanxanasında qalıblar. Gündə 3 dəfə qidalanma və paytaxtdan yol xərci ilə orta hesabla 1 nəfər 100 manata başa gəlib. Bu da cəmdə təqribən 70 min manat edir. Ötən payızda bu bölgədə keçirilən 3-cü MDB oyunlarında güləş yarışı yeni təmirdən çıxan Gəncə olimpiya idman kompleksində təşkil edildiyi halda, sözü gedən ölkə çempionatları nəhənf, icarə haqqı daha yüksək olan məkanda olub. Azarkeşləri də maraqlı gözlənilməzliklər gözləyib.

Gələn ayın 3-ündə Qazaxda sərbəst və yunan-Roma güləşi U-15 oğlanlar arasında Azərbaycan birinciliyi başlayacaq. Çox güman, AGF-in yeni baş katibi Pərvin Piriyev yarışa birbaşa özü nəzarət edəcək. O, uzun illərdir dolayı və birbaşa işin içindədir, güləşi hamıdan çox bilir. İdman ictimaiyyəti artıq ondan oktyabrda Bəhreyndə baş tutacaq böyüklərin dünya çempionatında olimpiya çəkisində qızıl medal gözləyir. 2021-ci ildən Mikayıl Cabbarov güləş federasiyasının başına keçəndən bəri bu idman növü olimpiya çəkisində qızıl medala həsrətdir…

Kamran HACI

Həmin kateqoriyadan