“Bunlar mənə qarşı xüsusi qarayaxma və hörmətdən salmağa yönəlmiş hərəkətlərdir”

Ötən gün keçirilən Topaz Premyer Liqasının 23-cü turunun AzAL – “İnter” matçından sonra komandalar arasında xoşagəlməz olaylar baş verib. Allsport.az xəbər verir ki, baş verən hadisələrdə yaxından iştirak etmiş bank klubunun baş məşqçisi Kaxaber Sxadadze bu barədə klub saytına danışıb:

“Oyundan sonra baş verənləri mənə qarşı xüsusi qarayaxma və məni hörmətdən salmağa yönəlmiş hərəkətlər kimi qiymətləndirirəm. Mən həmin legioner məşqçiyəm ki, 6 ildir Azərbaycanda çalışıram və bu müddət ərzində nəticə vermişəm. Məni və uğurlarımı qaralamaq istəyirlər. Amma necə olursa olsun, “İnter” bu mövsüm qarşısında dayanmış hədəflərə çatacaq.

Mən cəzalı olduğum müddətdə komanda bir dəfə də məğlub olmadı və mənim haqqında deyilənlər həqiqətdən uzaqdır. Çalışdığım ölkənin insanlarına qarşı heç zaman hörmətsizlik etməmişəm və bundan sonra da etmərəm. Oyundan sonra dəhlizdə baş verən hadisənin şahidlərindən biri də AzAL komandasının baş məşqçisi Tərlan Əhmədov idi və o, mənim sözlərimi təsdiqləyə bilər ki, oyundan sonra kiməsə qarşı hörmətsizliyə yol vermədim.

Bir daha təkrar edirəm, bütün bunlar mənə qarşı xüsusi qarayaxma və məni hörmətdən salmağa yönəlmiş hərəkətlərdir”.

Həmin kateqoriyadan