Tərlan Əhmədov: “Maliyyə durumu normallaşmaqdadır”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Ruh düşkünlüyünə baxmayaraq, AzAL əzmkar oyun sərgilədi. Ümumilikdə hər iki komandanın ifasında maraqlı, mübarizəli bir oyun gördük. Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi.

Bu qələbəyə görə komandaya təşəkkür edirəm, artıq “Neftçi” ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdir. Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı. Maliyyə durumu normallaşmaqdadır. Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib”.

Həmin kateqoriyadan