Tokio-2020 yolunda ilk sınaq. Budapeştə hansı güləşçilər yollanacaq?

18-21 martda Macarıstan paytaxtı Budapeştdə güləş üzrə Avropa olimpiya təsnifatı olacaq. Allsport.az saytı xəbər verir ki, bu gün AGF-in prezident əvəzi Namiq Əliyev hər çəkidə 2 idmançının olimpiadaya lisenziya qazanacağı yarışda iştirak edəcək heyəti açıqlayıb. Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımızın üzvləriylə görüşən qurumun rəhbəri bu ilin ilk lisenziya turnirində əksər çəkilərdə olimpiya oyunlarında vəsiqə qazanılacağına inandığını dilə gətirərək, güləşçiləri bu fürsətdən yararlanmağa çağırıb və onlara məsul yarışda uğurlar arzulayıb.

Beləliklə, martın 18-19-da xalça üzərinə çıxacaq sərbəst güləşçilərimiz bunlardır: İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Əbubəkr Abakarov (86 kq), Camaləddin Məhəmmədov (125 kq). Onlar baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında martın 20-21-də mübarizə aparacaq. Heyətdə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıblar.

Öncə açıqlanan qadınlardan ibarət millimizin tərkibində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutovanın (76 kq) Macarıstandakı yarışda çıxışı nəzərdə tutulub. Onlar baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını icra edəcək.

Həmin kateqoriyadan