Tvan van Gendt: BMX treki yenidənqurmadan sonra texniki cəhətdən daha maraqlıdır

İyunun 5-9-da Bakıda keçiriləcək BMX idmanı üzrə dünya çempionatının ulduz elçisi Tvan van Gendt paytaxtımızdadır. Allsport.az saytı xəbər verir ki, Bakı-2015-də gümüş medal qazanan hollandiyalı velosipedçi paytaxtımızı özü üçün uğurlu şəhər hesab etdiyini deyir:

“2015-ci ildə Avropa oyunlarında qazandığım gümüş medal mənim üçün çox dəyərlidir. Əslində həmin vaxt qızıl qazanmamağım fiziki yox, psixoloji hazırlıqla bağlı idi. Sonra Avropa çempionu və dünya kubokunun qalibi adını da qazandım. Ümid edirəm ki, buliki dünya çempionatında da yüksək nəticə göstərə bilərəm”.

Yarış trasında məşq yürüşləri həyata keçirən ulduz elçinin sözlərinə görə, hazırda BMX treki 2015-ci illə müqayisədə xeyli fərqlənir və yenidənqurma işlərindən sonra texniki cəhətdən daha maraqlıdır. Paytaxtımızın gözəlliyi və milli mətbəximiz isə onu valeh edib: “Bakı həqiqətən çox gözəldir. Yeməklərinizə isə söz ola bilməz. Bu gözəl şəhərdə keçiriləcək dünya çempionatının təbliğatı üçün əlimdən nə gəlirsə, etməyə çalışacam. Öz imkanıma gəlincə, düşünürəm ki, rəqabət kifayət qədər ciddi olacaq. Təkcə Niderland yığma komandasının heyətində kifayət qədər səviyyəli idmançı var”.

Həmin kateqoriyadan