“Xəzər Lənkəran”ın yeni baş məşqçisi bəlli oldu

Oğuz Çətinlə yollarını ayırmış “Xəzər Lənkəran”ı mövsümün sonuna qədər kimin çalışdıracağı müəyyənləşib. Allsport.az xəbər verir ki, “ağ-yaşıl” fanatların sevimlisi olan sabiq baş məşqçi Mirça Rednikin, eləcə də hazırda klubun idman direktoru Yunis Hüseynovun türkiyəli mütəxəssisi əvəzləyəcəyi gözlənilsə də, bu proqnozlar özünü doğrultmayıb.

Əvəzində digər bir proqnoz öz təsdiqini tapıb. Məlum olduğu kimi, Oğuz Çətinlə yanaşı, “Xəzər Lənkəran” rəhbərliyi komandanın təcrübəli və daha yüksək ödənişli futbolçularından da bir neçəsi ilə yollarını ayırmağa hazırlaşır. Komandada gəncləşdirmə siyasəti aparılacağından, böyük ehtimalla əvəzedici heyətdə çıxış edən futbolçular da əsas komandaya aparılacaq.

Məhz bu üzdən cənub klubunun rəhbərliyi əsas komandanı elə əvəzedici heyətin çalışdırıcısı Elbrus Məmmədova tapşırıb. Çünki onun rəhbərliyi altında əvəzedici komanda bu mövsüm uğurlu çıxışı ilə seçilir. Sözügedən komanda qış fasiləsinə də lider kimi yollanıb. Futbolçularla yanaşı, məşqçiyə də çox pul verməyi düşünməyən “Xəzər Lənkəran”ın başbilənləri üçün Məmmədov variantı optimal hesab olunub.

Qeyd edək ki, Elbrus Məmmədovun komandanı mövsümün sonuna qədər çalışdırması gözlənilir. Yayda isə yeni strategiya əsas götürülə bilər ki, belədə daha təcrübəli mütəxəssisin gətirilməsi istisna edilmir.

Həmin kateqoriyadan