Yelizaveta Səlimova: “Bu gün qələbəni çətinliklə qazandıq”

Bu gün qadın həndbolçuların super liqasının 13-cü turda “Azəryol” əsas rəqiblərindən olan “Azərsu”nu son dəqiqələrdə üstələyərək, çempionluq yolunda daha bir addım atdı (35:33). Komandanın qapıçısı Yelizaveta Səlimova allsport.az saytına açıqlamasında sevincini belə bölüşüb:

“Bu gün qələbəni çətinliklə qazandıq. İlin sonunda komandanı Polina Trubusina tərk etdi. Biz topları əvvəldən vururduq, o mərkəz müdafiəçimiz idi. Sonra ailə durumu ilə bağlı İranə Qasımova və Rəna Nəsrəddinova heyətdən ayrıldı. Bu azmış kimi, 1-ci yarımortada çıxış edən Katerina Voskoboynuk xəstələndi. Yaxşı ki, “İdman akademiyası”ndan Sultanə və Leyla bizə qoşuldular.

Çox çətin idi, hər şeyi yenidən başlamalı olduq. İlk hissədə hesabda geridə olmağımıza rəğmən, növbəti yarıda irəli çıxdıq. Bizim böyük üstünlüyümüz müdafiədən hücuma tez çıxmağımızdır. Belədə, asan qollar vurulur. Bu qələbəyə görə çox sevincliyik. Bir komanda şəklində oynadıq: hamı bir nəfər üçün, bir nəfər hamı üçün”.

Həmin kateqoriyadan