Yeniyetmə həndbolçularımız Moldova millisi ilə qarşılaşacaq

Bosniya və Herseqovinanın Tuzla şəhərində yeniyetmə həndbolçu qızların “Challenge Trophy” yarışında ilkin mərhələ sona çatıb. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda yer alan milli son görüşdə böyük britaniyalı həmkarları ilə qarşılaşıb.

Lüksemburqla oyunda olduğu kimi, bu dəfə də yığma fasiləyə üstün qollanıb (15:10). Amma 2-ci yarıda qızlarımız təşəbbüsü əldən verərək, sonda 1 top fərqi ilə yeniliblər – 29:28. “KSPC Mejdan”da keçirilən matçın baş hakimləri sloveniyalı Zan Puksic və Miha Satler olublar. Avropa Həndbol Federasiyasını rusiyalı Luidmila Bodnieva və avstriyalı Helmut Ville təmsil ediblər.

Qrupun digər qarşılaşmasında ev sahibələri Lüksemburq kollektivini 39:14 hesabı ilə asanlıqla məğlub edib. Bu nəticələrdən sonra keçirdiyi bütün oyunlarda qələbə qazanan Bosniya və Herseqovina həndbolçuları 6 xalla qrup birincisidir. Lüksemburq 3 xalla ikinci, Böyük Britaniya isə 2 xalla üçüncüdür. Aktivində bir xal olan Azərbaycan həndbolçuları qrupda sonuncudurlar.

İyunun 2-də qruplarda üçüncü və dördüncü yer tutan komandalar arasında qarşılaşmalar olacaq. Çarpaz oyunlar çərçivəsində Azərbaycan həndbolçuları Moldova təmsilçiləri, Böyük Britaniya yığması Kipr millisi ilə üz-üzə gələcək. Bununla yanaşı, qruplarda ilk iki yer tutan yığmalar arasında yarımfinal oyunları da keçiriləcək. Finala gedən yolda Belçika Lüksemburqdan, Bosniya və Herseqovina isə Estoniyadan üstün olmağa çalışacaq.

Həmin kateqoriyadan