Yeniyetmə həndbolçuların Azərbaycan və Bakı birinciliyinə yekun vurulub

Şağan olimpiya idman kompleksində həndbolçuların Azərbaycan və Bakı birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə “Bakı-1”kollektivi “Bakı-2”ni 26:8, “Gəncə” isə “Bakı-3”ü 26:18 məğlub ediblər.

Digər görüşlərdə “Bakı-2” komandası “Bakı-3”ə 19:9, “Bakı-1” “Mingəçevir”ə 24:16 hesabı ilə qalib gəliblər.

Qızların yarışında isə 2 saylı İOEUGİM 6 saylı İOEUGİM-2-ni 14:9 üstələyib. Nəticələrə əsasən, “Bakı-1” komandası 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin qalibi adını qazanıb. İlk üçlüyü “Bakı-2” və “Gəncə” komandaları qapayıblar.

2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı qızlar arasında 28 may – Respublika gününə həsr olunmuş Bakı birinciliyinin də qalibləri bəlli olub. 2 saylı İOEUGİM kollektivi qazanıb. II və III yerləri müvafiq olaraq 6 saylı İOEUGİM-1 və 6 saylı İOEUGİM-2 komandaları tutublar.

Bağlanış mərasimində qalibləri təbrik edən AHF-in idman şöbəsinin müdiri İsgəndər Əsgərov onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb. Federasiyanın baş katibi Yusif Atakişiyev, həmçinin Bakı şəhər gənclər və idman baş idarəsinin rəis müavini Rəşad Əliyevin də qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan