Zəlimxan Hüseynov: “Olimpiya oyunlarına mümkün qədər çox vəsiqə əldə etməliyik”

Sərbəst güləş yığmamız Bakıda təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, baş məşqçi əvəzi Zəlimxan Hüseynov yığmamızın bu il qatıldığı ilk yarış, komandanın son vəziyyəti və hazırlıq prosesi ilə bağlı federasiyanın saytına açıqlama verib:

“Yaşar Doğu turnirinə qədər İstanbulda Türkiyə, Bolqarıstan, Hindistan və Qazaxıstan komandaları ilə birgə yaxşı təlim-məşq toplanışı keçdik. Daha sonra bu yarışda iştirak etdik. Güləşçilərimiz çox yaxşı çıxış etdi. 4 qızıl, 1 gümüş və 6 bürünc medal qazandıq.

Gənclər özlərini yaxşı tərəfdən göstərdi. Düzdür, Toğrul Əsgərov medal qazana bilmədi. Ancaq uzun fasilədən sonra çıxdığı ilk yarışda xoş təsir bağışladı. İki görüşdə qələbə qazandı. Bu, Avropa çempionatı öncəsi son yarışımız idi. Qitə birinciliyindən sonra isə bizi lisenziya turnirləri gözləyir.

Bu yarışlardan sonra komandamızın Olimpiada üçün heyəti müəyyənləşəcək. Ancaq ilk növbədə lisenziyaları qazanmalıyıq. Olimpiya oyunlarına mümkün qədər çox vəsiqə əldə etməliyik.

Gələn həftə Türkmənistan, Ukrayna və Hindistan komandaları da bizimlə birgə toplanış keçmək üçün Bakıya gələcək. Avropa çempionatından sonra isə lisenziya yarışlarına qədər Kislovodsk və Mahaçqalada hazırlıq prosesi nəzərdə tutulub”.

Həmin kateqoriyadan