- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın 2-ci komandası ilk təlim-məşq toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, ilk hazırlığa 6 şahmatçı – Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub. Şahmatçılar hazırlıq barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə danışıb (İlk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilib):
Qədir Hüseynov: “Hazırlıqdan razı qaldım. Sözsüz ki, ilk təlim-məşq toplanışından sonra konkret fikir bildirmək çətindir. Bakı Şahmat Olimpiadası hər bir şahmatçı üçün çox vacibdir. Olimpiadaya tam hazır olmaq üçün təlim-məşq toplanışlarının köməyi böyükdür. Komandada mehribanlıq var. Şahmatçılar bir-birini yaxşı başa düşür. Mötəbər yarışda layiqincə iştirak etmək üçün əlimizdən gələni edəcəyik”.
Vasif Durarbəyli: “Emil Sutovskinin rəhbərliyi altında hazırlaşmaq hər zaman xoşdur. Biz Sutovskini çoxdan tanıyırıq. Komanda üzvləri arasında yaxşı münasibət var. Bakı Şahmat Olimpiadasında ikinci komandanın da diqqət mərkəzində olacağını bilirik. Hazırlıq üçün yüksək səviyyədə şəraitin yaradıldığını söyləməliyəm. Mötəbər yarışda mümkün qədər yaxşı çıxış etməyə çalışacayıq”.
Namiq Quliyev: “Açılışlar üzərində çalışdıq. Kompyuter vasitəsilə müxtəlif gedişlərlə bağlı müzakirələr apardıq. Uğur qazanmaq üçün üzərimizdə işləməliyik. Bakı Şahmat Olimpiadasına kifayət qədər vaxt var. Bizə yaradılan şərait yüksək səviyyədədir. Şahmat oynamaq üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadası hər birimizin karyerasında mühüm yer tutacaq. Yaxşı nəticələrlə hamını sevindirmək istərdik”.
Nicat Abbasov: “İlk hazırlıq paytaxt Bakıda oldu. Emil Sutovskiylə əvvəllərdə işləmişik. “Odlar Yurdu” komandasında Sutovskinin rəhbərliyi altında Avropa Kubokunda mübarizə aparmışıq. Onunla çalışmaq həm maraqlıdır, həm də xeyirli. Hər birimizin zəif və üstün cəhətlərini bilir. Əsas məqsədimiz ilk onluğa düşməkdən ibarət olacaq”.
Vüqar Rəsulov: “Bakı Şahmat Olimpiadasında güclü rəqabət olacaq. Hər bir komanda uğur qazanmaq üçün çıxış edəcək. Ölkəmizin ikinci komandası üçün olimpiada sınaq sayılacaq. Hər birimiz daha yaxşı oynamaqla iddiamızı nümayiş etdirə bilərik. Komanda üzvləriylə yaxşı münasibətimiz var. Olimpiadanın yadda qalan komandalarından biri olmağa çalışacayıq”.
Ülvi Bacarani: “Bakı Şahmat Olimpiadasında iştirak etmək hər birimiz üçün çox vacibdir. Doğma paytaxtımızda keçirilən yarışda layiqli çıxış etmək başlıca məqsəd sayılır”.