- Baxış sayı: 39
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Hərtərəfli, kamil insan. Məgər bəşər tarixi boyunca bütün cəmiyyətlərin can atdığı ən uca zirvə bu deyilmi?! Bəli, zaman və dünya dəyişir. Amma bu məkan içi və bu müddət ərzində insanın dəyər meyarlarında nə dəyişdi ki? Dünyanın quruluşunu təyin etməyə çalışan Heraklit və gerçəkliyin obyektiv xassəsini arayan Aristoteldən tutmuş “eşqdir mehrabı uca göylərin. Eşqsiz, ey dünya nədir dəyərin?!” – deyən Nizamidən, bəlayi eşqə aşina Füzulidən, “dünyanı xilas edəcək” dəyəri axtaran Servantes və bunu müəyyən edən Dostoyevskidən, insanda hər şeyin təzahürünə qiymət kəsən Çexovdan sonra axtarışlarımızın mahiyyətində nə dəyişdi ki?! Zaman-zaman ideallarımıza don geyindirdik, amma mahiyyət eyni olaraq qalır. Bu gün haqqında söhbət açacağım şəxs Azərbaycanın gəlib-getmiş ən titullu idmançısı İnna Rıskaldır. O, 1944-cü ildə Bakıda anadan olub. Babası Oskar Yuqanoviç Robinson 1920-ci ildə Azərbaycana gəlib. Atasını sükan arxasında həyatından qorxmayan biri – «Smertnik» kimi tanıyırdılar. Valeri Yakovleviç motosikletini ağıla gəlməz sürətlə idarə edirdi. Maraqlısı odur ki, heç vaxt qəza törətməyib. İnna əvvəlcə gimnastika və atletika ilə maraqlanıb. Amma onu insanlara doğru çəkiblər. Belədə, özünü komandada göstərmək istəyib. Onu voleybola çağıranda, məmnuniyyətlə oraya yollandıb. Oynamağa «Məhsul» klubunda başlayıb, sonra «Neftyanik»də təcrübə toplayıb. Həmyerlimiz 1961-ci ildə paytaxtda keçirilən məktəblilərin Ümumittifaq spartakiadasında iştirak edib. Özünü yaxşı tərəfdən göstərən İnna oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət alıb.
Şamil Şamxalov 35 yaşında ikən Azərbaycanın ustalardan ibarət qadın komandasına baş məşqçi təyin edilib. Onun rəhbərliyi ilə «Neftyanik» klubu 1961-ci ildə yüksək liqaya vəsiqə qazanıb; 1966-cı ildə 3-cü, bir il sonra Azərbaycan komandasından həm ölkə çempionatında, həm də SSRİ xalqlar spartakiadasında 2-ci olub. Bütün bu uğurda İnnının payı olub. Üstəlik, o, 1972-ci ildə, bu dəfə şəxsi məşqçisi ilə deyil, Feliks Məmmədovun rəhbərliyi altında «Neftçi» klubunun tərkibində SSRİ çempionatının bürünc medalını qazanıb.
Yığma komandada karyerasına gəldikdə, 1963-cü ildə Rumıniyada keçirilmiş Avropa çempionatında mübarizə aparanda, onun cəmi 19 yaşı vardı. Rıskal qalib adını qazanmaqla yanaşı, çempionatda ilk dəfə iştirak edən «Gənc oyunçuların ən güclüsü» üçün təsis edilmiş mükafata yiyələnib.
Yaşamaq uğrunda mübarizə, çörək və tamaşa, bu günsə hər ikisinin mahiyyət vəhdəti kimi idman cəmiyyətdə ən böyük hadisəyə çevrilib. Onunsa ən kütləvi, möhtəşəm və əzəmətli binası isə dörd ildən bir keçirilən olimpiya oyunlarıdır. Bir il sonra, Tokio-1964-də SSRİ yığması gümüş medal qazanıb. İnna orada parlaq çıxışına görə «Xəzər şimşəyi» ləqəbini alıb. Maraqlıdır ki, bu adı ona jurnalistlər verib. Bir il sonra həmyerlimiz Avropanın ən güclü voleybolçusu seçilib. O, qitənin ən güclülərinin yarışında 2 dəfə də baş mükafata sahiblənib (1967, 1971).
Həmyerlimiz sovet dönəmində Bakıda çimərlikdə maraqlı hadisə ilə qarşılaşıb. Sonradan həmin bakılı xatirəni internetdə paylaşıb və o təsadüfən bunu görüb. Həmin insan yazmışdı: Mən ilk dəfə “Xəzər şimşəyi” ilə canlı görüşürdüm. Olayı Rıskal belə nəql edib: «Mən komanda yoldaşımla dəniz sahilində günəş şüası qəbul edirdim və bir qədər aralıda azərbaycanlı uşaqlar voleybol oynayırdılar. Biz onlara fikir vermirdik, onlar isə… Bunu bilmək lazımdı ki, gənc bakılılar qızlara, xüsusilə sarısaç xanımlara çox diqqət göstərirlər. Qızların olduğu yerdə sakit oynamağı bacarmırlar. Belə anlarda onların hansı üsullardan istifadə etdikləri mənə əvvəldən məlum idi. Özləri bilərəkdən sənə yaxın bir yerə topu atır, sonra isə “xanım, ay xanım zəhmət olmasa, topu qaytarardız” deyirdilər. Yenə belə etdilər, mən isə fikir vermədim. Ancaq top ikinci dəfə mənə doğru gələndə doğurdan da, hirsləndim. Ayağa qalıb, məşhur zərbəmlə topu vurdum. Top da həmin “qırsaqqızın” düz üzünə dedi. Yazıq elə bil ayağı üzülərək, yerə çırpıldı. Zərbədən sonra burnu qırılmamışdı. Amma çox ağrıyırdı…»
İnna Rıskal Mexiko-1968 və Münhen-1972 yay olimpiya oyunlarında inanılmaz bacarıq nümayiş etdirib. Onun həmlələri qarşısında aciz qalan rəqib voleybolçular asanlıqla SSRİ komandasına təslim olurdular.
Onun dünya çempionatlarında da xeyli uğuru var. 1970-ci ildə Bolqarıstanda keçirilən yarışda baş mükafata yiyələnən həmyerlimiz, 2 dəfə gümüş medalla kifayətlənib (1962, 1974). Ona 1973-cü ildə Uruqvayda dünya kubokunu başı üzərinə qaldırmaq da nəsib olub.
1976-cı ildə keçirilən Monreal olimpiadası, artıq adını əfsanəyə çevirmiş İnna Rıskal üçün vida yarışı idi. Veteran voleybolçu sayca 4-cü olimpiadasını da medalla tərk etdi. Bu dəfə sovet seçməsi yalnız finalda və əlbəttə ki, son 20 ildə layiqli rəqibi olmuş yaponlara uduzdu. Bununla belə, İnna Rıskal, zənnimcə, əbədi status qazanacaq rekordlara imza atdı. Birincisi, o qatıldığı bütün olimpiadaları medalla tərk etdi. İkincisi, 4 olimpiadaya qatılmış və bunu ardıcıl etmiş yeganə qadın voleybolçudur.
Maraqlı bir məqamı da əlavə edim, yaponlar bu oyunlarda həqiqətən məğlubedilməzlik zirvəsində idilər. Gündoğarlılar nəinki bütün rəqiblərinə bir set belə vermədilər, hətta 15 setdən yalnız birində onların rəqibləri setdaxili toplarda ikirəqəmli həddi aşa bildi və bu da sovet komandası oldu.
15 il SSRİ yığmasının heyətində çıxış edən həmyerlimizə idman nailiyyətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə mükafatlandırılıb.
Onun ümummilli liderlə bağlı xoş xatirəsi var: «Heydər Əliyev Azərbaycanın çox qeydinə qalırdı. O, dünya səviyyəsində siyasətçi idi. Çox ağıllı, incə və mehriban insan idi. Bir də Leonid Brejnev. O, Heydər Əliyevə çox dəyər verirdi. Brejnev Bakıya gəlməyi xoşlayırdı. Ölümündən qabaq – görünür, bunu hiss edirmiş – Bakıya bizimlə sağollaşmağa gəlmişdi. Biz mərkəzdə yaşayırdıq. Evimizin qarşısında maşın dayandı və qarşısına Heydər Əliyev çıxdı. Onun qolundan tutub, evə gətirdi. Bu, 2 əsl insanın güclü və isti münasibətini göstərirdi».
2000-ci ildə İnna Rıskalın soyadı bu idman növünün vətəni sayılan Holyoke (ABŞ, Massaçusets ştatı) şəhərində yerləşən Voleybol şöhrəti zalında yazılıb. O, keçmiş SSRİ-dən bu şərəfə layiq görülən ilk voleybolçudur. 2001-ci ildə FİVB ona özəl olaraq «Dünya voleybolunda yüksək nailiyyətlərə görə» mükafatı verib. 20-ci əsrdə ən yaxşı qadın voleybolçu seçimində həmyerlimiz kubalı Reqle Torresdən sonra 2-ci olub.
Məşhur futbolçumuz Anatoli Banişevski kimi o da doğulduğu məmləkətə sadiq qalıb. Zamanında Sovet İttifaqının yüksək rütbəli məmurları gəlib ona Moskvada evin açarını verirdilər. Amma o, belə şeyə sərt mövqe tutmuşdu. Öz komandasını, böyüdüyü şəhəri nəyinsə qarşılığında atmağa razı deyildi. Maraqlıdır ki, onların hər ikisi bakılı, sadiq qaldıqları komanda «Neftçi» olub.
Hazırda İnna Rıskal Moskvada yaşayır. Həyat yoldaşı Aleksandr Syomin sovet futbolçusu idi. Onların Ruslan və Yan adlarında 2 oğlu var.
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”