45 məşqçimiz BCF-in akademiyasında təhsil alacaq

Ölkədə cüdonun inkişafı istiqamətində məqşçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün, 7 martda BCF-in akademiyasında təlimlərə start verilib. Allsport.az saytı xəbər verir ki, bütün yaş qrupları üzrə millilərin məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 45 çalışdırıcı təlimdə iştirak edəcək. Tədrisi uğurla başa vurduqları halda, BCF-in müvafiq beynəlxalq dərəcəli sertifikatı ilə təltif olunacaqlar.

Hazırlıq nəzəri və təcrübi hissələrdən ibarət olmaqla, ümumilikdə 6 ay davam edəcək. Seminarı uğurla başa vuran məşqçilərimiz cüdo məşqlərini planlaşdıran zaman nəzəri komponentləri tətbiq etmək, yarışlara hazırlıq zamanı müxtəlif fəndləri ətraflı izah etmək və nümayiş etdirmək, döyüş texnikaların fərqlərini nəzəri və praktiki tərəfdən izah etmək, idmançıların hazırlıq dərəcələrini düzgün dəyərləndirmək və təlimi ona görə uyğunlaşdırmaq, hər bir yarışın məqsədlərini formalaşdırmaq və idmançıların hazırlıq prosesini ona görə qurmaq, o cümlədən təlim məşq proseslərini BCF-in təqviminə adaptasiya etmək kimi nəzəri biliklərə sahiblənəcəklər.

Seminarın praktiki hissəsi isə avqust ayında Azərbaycanda BCF akademiyasının ekspertlərinin iştirakı ilə təşkil ediləcək. Praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçiriləcəkdir. Qeyd edək ki, kata cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı vardır. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. Katanın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Onu da bildirək ki, BCF-in qərarına əsasən, 2023-cü ildən etibarən müvafiq sertifikatına malik olmayan məşqçilərə BCF və ACB-in təşkilatçılığı ilə beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşaiyət etməyə icazə verilməyəcək. 45 məşqçi ilə başlanan proqramın növbəti illərdə də davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, BCF-in akademiyası ilə əməkdaşlıq çərçivəsində cüdo idman növü üzrə hakimlər üçün də seminarlar və təlimlər təşkil ediləcək.

Həmin kateqoriyadan