- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dekabrın 23-də Vüqar Həşimovun xatirəsinə 7-ci superturnirinin təntənəli bağlanışı olub. Allsport.az saytı xəbər verir ki, Avropa şahmat ittifaqının prezidenti Zurab Azmayparaşvili tədbiri yüksək qiymətləndirib.
“Turnirdən çox zövq aldım. Ölkə mediasının da yarışa marağı böyük idi. Azərbaycan hökumətinə və təşkilatçılara turnirin keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Qalibin armagedonda müəyyənləşməsi turnirin həyəcanını daha da artırdı. Hər kəs qalib olmur. Bu turnirdə mənim dostum sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand iştirak etdi. Memorialda mükafatçılar sırasında yer almasa da, növbəti yarışlarda ona uğurlar arzu edirəm”, – deyə Z.Azmayparaşvili qeyd edib.
Hamını şahmat oynamağa dəvət edən Z.Azmayparaşvili iştirakçılara uğurlar arzulayıb. Turnirin direktoru Anar Allahverdiyev 6 gün ərzində təşkil olunan turnirin gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını deyib. Bildirib ki, “Vüqar Həşimov Memorialı-2021” ölkəmizdə ilin sonuncu irimiqyaslı idman yarışı kimi yaddaşlarda qalacaq. Turnir səmimi və mehriban şəraitdə keçdi. Buna görə iştirakçılara və hakimlərə təşəkkürümü bildirirəm.
Vüqar Həşimov Fondunun əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək olduğunu diqqətə çatdıran A.Allahverdiyev deyib: “Digər məqsədimiz gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etməkdir. Mən Vüqarın şahmat karyerasının ilk addımlarında yanında olmuşam. Onunla birlikdə 15 il yarışlarda iştirak etmişik. Onun haqqında hər bir şeyi bilirəm. Turnir iştirakçılarının Vüqara olan münasibətini gördüm və duydum. Vüqar Həşimovun məzarını ziyarət edərkən kədəriniz və göz yaşlarınız ona olan böyük qiymətdir”.
Sonra turnirin baş hakimi Faiq Həsənov yarışın nəticələrini açıqlayıb. Sonda Vüqarın atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov turnirin kubokunu ABŞ şahmatçısı Fabiano Karuanaya təqdim edib. Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.
Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov hamını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Təqvim ili münasibətilə təbrik edib, iştirakçılara uğurlar arzulayıb, turniri bağlı elan edib.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.