AMADA-dan və AAAF-a anti-dopinq seminarı

AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə “Zirvə Liseyi”nin ağır atlet şagirdləri və təlim-məşq toplanışında olan yığma komandalarımızın idmançı və məşqçi heyəti iştirak edib. Seminarı AMADA-nın Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva və mütəxəssis-həkim Fərid Əliyev aparıblar.

İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda idmançılar anonim dopinq sorğusunda iştirak edib, onlara maarifləndirifici buklet və kitabçalar paylanıb.

AAAF-ın son zamanlar dopinqlə mübarizəyə sərf etdiyi əmək, görülən işlər, əldə olunan nəticələr təqdir edilib. Qeyd olunub ki, qadağan olunmuş maddələrdən istifadə edərək nəticə qazanmaq istəyi böyük bir bəladır və onun qarşısını almaq üçün böyük vaxt və çalışma tələb edir. Federasiya bu istiqamətdə xüsusilə də gənc nəslin maarifləndirilməsinə böyük önəm verir, idmançıların onları gözlədiyi təhlükəni bilmələri, dərk etmələri üçün əlindən gələni edir.

AMADA-nın fəaliyyəti də vurğulanmalıdır. Bu qurumun əsas funksiyaları anti-dopinq proqramının idarəetməsi və təşviqatı, yarışma müddəti və yarışmadan kənar müddətdə testlər keçirmək, sonradan nəticələri emal etmək, idmançıların maarifləndirilməsi, dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası və cəmiyyət və idman ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması məqsədilə məlumatlandırmadır.
AAAF bu kimi seminarların vacibliyi anlayır və mütəmadi təşkilini təmin edəcəkdir.

Həmin kateqoriyadan