Anastasiya İbrahimli Bakı-2017-nin “Ən yaxşı qadın ağırlıqqaldıran”ı adına layiq görülüb

Azərbaycan Ağır Atletika Federasiyasının mərkəzi təlim-məşq bazası olan AAAF Park Yaşayış Kompleksində İslam həmrəyliyi oyunlarının iştirakçıları  və qonaqları üçün xüsusi tədbir keçirildi. Allsport.az saytı xəbər verir ki, Asiya Ağır Atletika Federasiyasının vitse-prezidenti Mohammad Caludun başçılığı ilə çox sayda idmançı, hakim və digər məsul şəxslər və texniki-inzibati qurumların nümayəndələri, müxtəlif federasiyaların rəhbər şəxsləri Xırdalandakı bu məkana baş çəkiblər.

Əvvəlcə, qonaqlar fəvvarə ətrafında düzülən masalarda şam yeməyinə dəvət ediliblər. Zövq oxşayan musiqi, ləziz təamlarla maraqlı müzakirələr, söhbətlər aparılıb. Yekdilliklə bildirilib ki, Bakıda təşkil olunan IV İslam Oyunları bu yarışların tarixində ən yüksək səviyyəlisidir. Müsəlman dünyası üçün ağır atletikaya belə böyük dəyər verən Azərbaycanın ünvanına xoş sözlər işlədilib.

Bədii hissədən sonra kiçik rəsmi hissə başlayıb. Əvvəlcə, AAAF-ın vitse-prezidenti Tofiq Heydərov çıxış edərək qonaqları salamlayıb, yarışların gedişatı, buna qədər görlüən işlər, əldə edilən nəticələr, yerli federasiyamızın ağır atletikanın inkişafı üçün gördüyü işlərdən danışıb, AAAF Parkın çoxfunkiyalılığı, buradakı idman infrastruktur obyektləri haqda məlumat verib. Daha sonra Calud Məhəmməd, həmçinin Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınar çıxış edərək burada qarşılaşdıqları qonaqpərvərlik, xoş münasibət, eyni zamanda yüksək təşkilatçılıqdan danışıb, məmnunluqlarını dilə gətiriblər.

AAAF-ın rəsmi yayın orqanı olan “Ağı Atletika Zamanı” jurnalının idmançılara xüsusi mükafatı təqdim edilib. Nəşr tərəfindən İslam oyunlarının ən yaxşı qadın və ən yaxşı kişi atleti seçilib. Jurnal “Ən yaxşı qadın ağırlıqqaldıran” adına azərbaycanlı Anastasiya İbrahimli, kişilərdə bu nominasiyada özbəkistanlı Rüstəm Canqabayevi layiq görüb. Onlara xüsusi hazırlanmış kuboklar təqdim edilib.

Sonda bütün qonaqlar AAAF Parkdakı iaşə, təhsil və digər obyektlərlə tanış edilib. Xüsusilə də ağır atletika üçün yaradılan şərait qonaqları müsbət mənada şoka salıb. Buradakı təlim-məşq bazası, qidalanma, istirahət, bərpa imkanları, yarış zalı böyük təccübə səbəb olub. Qonaqlar Azərbaycanın “dünyanın yeni ağır atletika mərkəzi”nə çevrildiyini bildirib, yerli yeniyetmə və gənclərin şanslı olduqlarını, onları böyük xoşbəxt gələcək gözlədiyini qeyd ediblər.

Həmin kateqoriyadan