Aniş Giri: “Bakı bulvarı məni özünə cəlb edir”

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının 4-cü turunda İngiltərəni 3,5:0,5 hesabı ilə məğlub edən Niderland millisi maksimum nəticə ilə 3-cü sırada qərarlaşıb. Allsport.az saytı xəbər verir ki, rəqiblə görüşdə yalnız 1-ci lövhədə çıxış edən Aniş Giri Maykl Adamsla heç-heçə edib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin məlumatına görə, mətbuat konfransında iştirak edən qonaq, komandasının ilk 4 turdakı çıxışını belə dəyərləndirib: “Niderland olimpiadanın favoriti hesab olunmur. Biz ilk 4 turda qələbə qazansaq da, mübarizə hələ qabaqdadır. Hazırkı heyətimiz inkişaf edən komanda hesab olunur. Heyətdə təcrübəli və gənc qrossmeysterlər yer alıb. Olimpiadada ən çətin oyunlarımız qarşıdadır”.

Niderland yığmasının üzvü Azərbaycan paytaxtında keçirilən yarışın təşkilatçılığı barədə də danışıb: “Ötən il Bakıda keçirilən dünya kubokunda yarışmışdım. Həmin vaxt şəhərlə tanış olmaq üçün kifayət qədər vaxtım var idi. Müasir binaların İçəri Şəhərlə harmoniyası məni valeh edir. Azərbaycanda ənənələrə, tarixə hörmətlə yanaşılması sevindirici haldır. İnsanların piyada gəzməsi, ilk növbədə Bakı Bulvarı məni özünə cəlb edir. Orada dəfələrlə olmuşam”.

Niderland millisi Bakıda keçirilən olimpiadada Vladimir Tukmakovun rəhbərliyi altında çıxış edir. Bu mütəxəssis isə Giriyə tanışdır. Çünki vaxtı ilə onun da çıxış etdiyi “SOCAR-Azerbaijan” komandasının kapitanı Tukmakovdur: “Klub və millidəki iş fərqlidir. “SOCAR-Azerbaijan”ın heyətində ulduzlar çıxış edir. Halbuki Hollandiya millisi favorit hesab olunmur. Məşqçinin uğuru uzunmüddətli perspektivə hesablanıb. Onun bacarığı şahmatçını kəşf etmək və yeni səviyyəyə çatdırmaqdır”.

Giri hazırda 3 ölkə – Niderland, Rusiya və Gürcüstanda yaşayır. Sonuncu ölkənin seçilməsi təsadüf deyil. Çünki Aniş Girinin həyat yoldaşı gürcüstanlı şahmatçı Sofiko Quramişvilidir.

Həmin kateqoriyadan