Arkadi Naydiç: “Əlimizdən gələni edirdik ki, ikimizdən biri qələbə qazansın”

Bakıda Ümumdünya Şahmat Olimpiadasının 3-cü turunda əsas millimiz Macarıstanı 3:1 hesabı ilə üstələyib. Allsport.az saytı xəbər verir ki, 4-cü lövhədə mübarizə aparan Arkadi Naydiç Benjamin Qleduranı məğlub edib. Mətbuat konfransında legionçumuz partiyanı belə şərh edib:

“Gərgin partiya alındı. Debütdən sonra oyunu bərabərləşdirə bildim. Daha sonra rəqibim bir qədər qəribə oynamağa başladı. Sonda istəyimə çatdım. Macarıstanlı şahmatçı çalışsa da, yenilgidən qaça bilmədi. Ötən Avropa çempionatında biz Macarıstana 0,5:3,5 hesabı ilə uduzmuşduq. Yeganə yarım xalı Petor Lekodan almaq mümkün olmuşdu. Leko bu yarışda yoxdur. Amma Macarıstan millisi o olmadan da güclüdür. Bu səbəbdən də görüşə çox ciddi şəkildə hazırlaşmışdıq.

Görüş əvvəldən gərgin alındı. Şəhriyarın vəziyyəti qeyri-müəyyən idi. 3 saatdan sonra onun qələbə qazanacağı ehtimal edilirdi. Teymur isə əksinə, çətin vəziyyətə düşmüşdü. Raufun müəyyən qədər üstünlüyü vardı. Lakin partiya heç-heçəyə oxşayırdı. Mənim oyunumda da gedişat heç-heçəyə oxşayırdı. Bu səbəbdən də ya mən, ya da Rauf qələbə qazanmalıydı. Əlimizdən gələni edirdik ki, ikimizdən biri qələbə qazansın. Bu halda, komanda yoldaşlarımız daha rahat oynaya biləcəkdilər”.

Həmin kateqoriyadan