AŞF ilin yekunlarını açıqladı

Azərbaycan şahmat federasiyası ilin yekunları ilə bağlı tədbir keçirib. Allsport.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov ölkəmizdə şahmat yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib: “Azərbaycanda FİDE-nin 100 illiyi ilə bağlı beynəlxalq yarış keçirildi. Vüqar Həşimovun xatirə turniri ilk dəfə Şuşada təşkil olundu. Əsas beynəlxalq yarışımız isə olimpiada oldu. Bu yarışda kişilərdən ibarət millimiz gənclərdən ibarət idi. Olimpiada göstərdi ki, düzgün qərar vermişik. Qadın şahmatçılarımızın fürsəti olsa da, təəssüf ki, alınmadı”.

Sonra şahmatçıların il ərzində iştirak etdiyi beynəlxalq yarışlarda əldə etdiyi uğurlarla bağlı videoçarx nümayiş olunub. Sonda Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlı qızlar arasında dünya çempionatında bürünc medal qazanan Ayan Allahverdiyeva və V Avropa universitet oyunlarında rapid turnirində birinci, blitsdə isə ikinci yeri tutan Vüqar Manafovla Elmar Atakişiyevə təşəkkürnamə və pul mükafatı təqdim olunub.

Ayan hazırda ölkədə olmadığına görə mükafat anası Gülşən Allahverdiyevaya verilib.

Həmin kateqoriyadan