Azərbaycan boksçuları Rio-2016-da dəbilqəsiz döyüşə bilərlər

AİBA Rio oyunlarında boksçuların dəbilqəsiz döyüşməsi üçün BOK-a müraciət edib. Allsport.az saytının məlumatına görə, Çinq-Kuo Vu beynəlxalq qurumu razı salmaq istiqamətində əlindən gələni edir.

Rinq ustaları göruş zamanı müdafiə məqsədi ilə istifadə etdikləri baş qoruyucusundan 2013-cü ildən etibarən yararlanmırlar. Rio-2016-da həvəskar kişi boksçuların dəbilqədən istifadə edib-etməməsi məsələsinə, BOK-un tibb komissiyasının qərarından sonra aydınlıq gələcək.

AİBA prezidenti Çinq-Kuo Vu vəziyyətə belə aydınlıq gətirib: «Hazırda BOK-un və AİBA-nın mütəxəssis qrupu bu işlə məşğuldurlar. Biz federasiya olaraq, BOK-a əsaslı faktlar təqdim etməliyik. Bunu üçün çox çalışırıq. Olimpiya oyunlarında dəbilqəsiz boks yarışının keçirilməsini bu idman növünün gələcək inkişafı üçün vacib olduğunu düşünürəm».

Qeyd edək ki, uzaq keçmişdə də BOK boks idmanının humanizm prinsiplərindən uzaq olduğunu əsas gətirərək, olimpiya proqramından çıxarırdı. O zaman AİBA-nın pakistanlı prezidenti Ənvər Çoudri bu dəbilqəni fikirləşmiş, qədim olimpiya idman növünü «ailə»dən kənarlaşdırılmasının qarşısını almışdı.

Xatırladaq ki, Dohada keçirilən dünya çempionatının yekununa əsasən, cəmdə 3 təmsilçimiz – Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) Braziliyaya yollanmaq hüququ qazanıb.

Həmin kateqoriyadan