“Ölkəmiz ilk dəfə yeniyetmələrin Avropa kubokuna ev sahibliyi edəcək”

6-7 mayda Göygöldə ilk dəfə cüdo üzrə yeniyetmələrin Avropa kuboku keçiriləcək. Allsport.az xəbər veirr ki, Avropa cüdo birliyinin (ACB) rəsmi təqvimində olan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq.

ACB-nin rəsmi səfhəsində turnirlə bağlı çıxan məqalədə bildirilir ki, ACF yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır və nəticədə yüksək rəqabətli komanda yaranıb: “Azərbaycan komandası həm oğlanlarda, həm də qızlarda Avropa Ttru silsiləsinə daxil olan yarışlarda nəzərə çarpan nəticə əldə ediblər. Belə ki, aprelin əvvəlində Çex Respublikasında qitə kuboku yarışında Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Eynilə, komanda mart ayında Zaqrebdə baş tutan analoji turnirdə də əlamətdar nəticə əldə edib”.

Göygöldəki yarışda Azərbaycan milli yığmasının öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcəyi indidən bəllidir. Sonra Azərbaycan cüdo federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədlinin tək böyüklər arasında deyil, həm də gənclər və yeniyetmələr arasında yarışlarda milli yığmanın yanında olduğu və bu yarışın Azərbaycanda təşkil edilməsindən böyük məmnunluq duyduğu qeyd edilir.

“Olimpiya çempionu və ACF-nin vitse-prezidenti kimi mən çox şadam ki, ölkəmiz Göygöldə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək.

Bu tədbir gənc idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir.

Əlavə olaraq onu da qeyd edim ki, bu il Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib.

Göygöldə belə bir mötəbər yarışın keçirilməsi ulu öndərin müəyyən etdiyi tərəqqi yolunda güclü və çiçəklənən Azərbaycan üçün idmanın və bədən tərbiyəsinin inkişafına yaxından diqqət göstərilməsi vəzifəsinin yerinə yetirilməsinə və ölkəmizin beynəlxalq aləmdə güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.

Həmçinin, turnirin Göygöldə keçirilməsi cənab prezident İlham Əliyevin idmanın regionlarda kütləvləşdirilməsi ilə bağlı verdiyi istiqamətə və tapşırıqlara uyğundur. Prezident idmanın sağlam həyat tərzi, milli qürurun və beynəlxalq əməkdaşlığın təşviqi üçün güclü vasitə olduğunu dəfələlərlə bəyan edib.

Buna görə də bizim üçün belə bir turnirin təşkili böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün ACF olaraq əlimizdən gələni edəcəyik. Avropanın hər bir yerindən yeniyetmə cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, – deyə Elnur Məmmədli bildirib.

Həmin kateqoriyadan