- Baxış sayı: 68
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 131
- Noyabr 25, 2024
- 0
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulosla görüşüb. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə, qonaq hazırlıqdandan məmnunluq ifadə edib:
– Siz FİDE rəsmilərinin Bakıya səfəri zamanı FİDE nümayəndə heyətində yer almışdınız. Olimpiadanın keçiriləcəyi məkan haqqında nə deyə bilərsiniz?
– Oyun üçün seçilən məkan çox möhtəşəmdir. Olimpiadanın keçirilməsi üçün geniş sahəyə və bütün lazımi infrastruktura malikdir. Oyunun keçiriləcəyi məkan, ofislər, mətbuat mərkəzinin təşkili üzrə məsul olan komanda heyəti həqiqətən çox yaxşı çalışır. Sonuncu səfər zamanı bizə təqdim edilən plan əsasında ətraflı müzakirələr aparıldı. Biz bəzi dəyişikliklərin edilməsini təklif etdik və əminəm ki, oyunun keçiriləcəyi məkan və əlavə yaradılacaq ofislərlə bağlı hər bir şey qaydasında olacaq. Baş hakim, texniki yardım paneli, FİDE üçün nəzərdə tutulan ofislər və VIP sahələr oyunun keçiriləcəyi məkandan yaxın məsafədə yerləşir. Mətbuat mərkəzi oyun zalına yaxın olduğundan jurnalistlər üçün işləmək rahat olacaq.
– Tamaşaçılar üçün nəzərdə tutulan xüsusi bir sahə olacaq? Onlar oyunları izləmək imkanı əldə edəcək?
– Bəli, plana əsasən tamaşaçılar üçün səhnədə 700 nəfərlik oturacaq yerləri nəzərdə tutulmuşdur və ən azı onların istədikləri oyunları izləmək imkanı olacaq. Bundan əlavə, tamaşaçılar oyunları böyük ekranlar vasitəsilə də seyr edə biləcəklər. Həmin ekranlar çoxlu sayda oyunları əks etdirəcək. Arenada sektorlarda da tamaşaçılar üçün oturacaqlar mövcuddur.
– Əvvəlki Olimpiada zamanı əlillərin arenaya daxil olması üçün şərait yox idi. Bu dəfə belə problem yaşana bilərmi?
– “Crystal Hall” ilk növbədə Avroviziya mahnı müsabiqəsinin keçirilməsi üçün inşa edilmişdir və daha sonra isə digər idman və mədəni tədbirlər də burada keçirilmişdir. Orada çoxlu sayda ictimai və əlillər üçün də nəzərdə tutulan giriş qapıları var. Bununla bağlı heç bir problem olmayacaq.
– Siz əvvəlki iki olimpiadada baş hakim olmusunuz. Bu il təcrübəli hakim Faiq Həsənov bu məsul vəzifəni icra edəcək. Ən böyük şahmat hadisəsi zamanı baş hakim rolunda iştirak etmək nə qədər çətindir?
– Hakimlərin hazırlanması və yarış zamanı necə hərəkət etmələri barədə tapşırıqların qoyulması olduqca çox məsuliyyətli və çətin bir işdir. Siz hər hansı bir fövqəladə halların mövcud olduğu zaman həmişə tam hazır vəziyyətdə olmalısınız. Əgər sizin yadınızdadırsa, biz Tromsödə çox kədərli bir hal ilə qarşılaşmışdıq…
Mən inanıramki, Olimpiadaya təyin olunan baş hakim, onun müavinləri və partiya üzrə hakimlər bütün vəziyyəti idarə etmək üçün kifayət qədər təcrübəyə malikdir. Faiq Həsənov çox təcrübəli bir hakimdir və buna görə də hər şeyin yaxşı olacağına əminəm.
– 2 il bundan əvvəl Tromsödə Olimpiada zamanı kompyuter köməkliyi ilə bağlı məsələlərin (anti-cheating) çox narahatlığa səbəb olmasına baxmayaraq, yenədə metal detektorlar və xüsusi çərçivələrdən istifadə edilmişdir. Bu il hər hansı bir dəyişikliklərin olması nəzərdə tutulub?
– Biz kənar vasitələrin köməkliyinə qarşı tədbirlərə aid coxlu müzakirələr apardıq. FİDE-nin müvafiq komitəsinin (Anti-cheating Committee) sədri İsrail Gelfer Bakıda səfərdə olub. Komitənin görüləcək işlərlə bağlı təklifləri var. Təşkilatçılar hər bir məsələnin yerinə yetirilməsinə hazırdır. Bu bizim görüşlər zamanı da tamamilə aydın oldu. Biz bu tədbirlərin hansı formada həyata keçirilməsi barədə fikir mübadiləsi aparırıq. Bu kimi görüləsi tədbirlərdən biri də şahmatçıları nəzarətdə saxlayacaq hakimlərin olmasıdır. Ola bilər ki, xüsusi hakimlər şahmatçıların kənar vasitələrdən istifadəsinin qarşısını almaq üçün çalışacaq.
– Siz bizə kənar vasitələrə qarşı işləyəcək hakimlər barəsində daha çox məlumat verə bilərsiniz. Onların funksiyaları nədən ibarət olacaq?
– Bütün vacib yarışlarda həmin hakimlərdən istifadə olunur. Məsələn, 2015-ci ildə Qətər Masters Open turnirində iki, eləhəmin il gənclərin dünya çempionatında isə 4 hakim bu işlərə nəzarət edib. Onlar şahmatçılar arasında əlaqələrin yoxlanışını həyata keçirirdilər. Oyunçular ayaqyoluna getmək istədikləri vaxt əgər hər hansı bir səbəb üzündən ehtiyac duyularsa (məsələn, kimsə ayaqyoluna tez-tez gedərsə) o zaman həmin hakimlər onlarla birgə gedə bilər. Hakimlər oyunçuların bir-biri ilə söhbət etmələrini yoxlayır (məsələn, siqaret çəkmək üçün nəzərdə tutulan xüsusi ərazilərdə) və dərhal bizə bu barədə xəbər verirlər. Bu hakimlərin şübhəli məqam olduğu an oyunçuları dərhal cərimələmək kimi hüququ var. Biz turnir başlamazdan öncə oyunçulara və kapitanlara oyun zamanı xüsusi hakimlərin olacağı barədə məlumat verəcəyik.
– FİDE-nin Hakimlər Komissiyası hakimlərə yeni qaydaların icrasında necə köməklik göstərir?
– Hakimlər Komissiyası FİDE-nin müvafiq komitəsi ilə birgə əməkdaşlığı sayəsində hakimlər üçün onlayn rejimdə muhazirələrin keçirilməsini təşkil edir. Təxminən 3-4 saatadək davam edən mühazirələr zamanı, biz yeni qaydaları izah edir və xüsusi hakimlər üçün nəzərdə tutulan göstərişlər üzərində diqqəti cəmləşdiririk; biz hakimlərə bu zaman necə davranmalarını izah edir, bəzi halları təqdim edir və suallara cavab veririk. Hakimlər üçün nəzərdə tutulan jurnalın 2-ci hissəsində bəzi halları təqdim edib və həmçinin göstərişlər üzrə açıqlamalar da vermişik. İlk mühazirəmizdə ümumilikdə 75 nəfər iştirak edib. 45 hakim bunu canlı seyr edir və yerdə qalan insanlar isə yazı versiyasını izləyirdilər. Mühazirə bizim internet səhifəmizdə yerləşir və biz yalnız bununla maraqlanan hakimlərə izləmək üçün şərait yaradırıq. Bizim artıq ingilis və rus dillərində mühazirələrimiz mövcuddur. Həmçinin biz mümkün qədər daha çox hakimləri əhatə edə biləcək və onları lazımi yardım ilə təmin etmək üçün ispan, ərəb və digər dillərdə də mühazirələr verməyə planlaşdırırıq.
FİDE hakimlərinin seminarlarında hakimlər üçün bununla bağlı qaydalar və göstərişlər haqqında mühazirələri daxil etmişik. Biz əlimizdən gələni etməyə çalışırıq. FİDE-nin mövqeyi tam aydındır – FİDE şahmatçıların yarış zamanı kənar vasitələrin köməyindən istifadəsinin qarşısını almağa çalışır. Buna görə də hakimlərin daha fəal rol oynamalarını istəyirik.
– Bakıda keçiriləcək Olimpiada əvvəlkilərdən necə fərqlənəcək?
– Düşünürəm ki, Azərbaycan indiyədək təşkil olunan ən yaxşı Olimpiadanı təqdim etmək istəyir və bunun üçün də bütün vasitələrə malikdir.