- Baxış sayı: 37
- 11 Fevral 2026 19:25
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

Kiprin Limasol şəhərində 6-8 fevralda gənclər arasında karate (WKF) üzrə Avropa çempionatı uğurla başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycanın komandası nüfuzlu turnirdə yüksək nəticələr göstərərək müxtəlif yaş və çəki dərəcələrində medallar qazanıb.
U18 yaş kateqoriyasında kata üzrə çıxış edən Salman Salmanov bürünc medala layiq görülüb. Kumite yarışlarında isə 66 kq çəki dərəcəsində Cansu Əhmədzadə, 61 kq çəki dərəcəsində Rəvan Abasov bürünc medal qazanıblar. 55 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qənbərov gümüş medala sahib olub. 68 kq çəki dərəcəsində çıxış edən Ələddin Məlikov isə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
U21 yaş kateqoriyasında ölkəmizi təmsil edən Aslan Dostuyev 60 kq çəki dərəcəsində bürünc medal əldə edib.
Azərbaycan komandası Avropa çempionatında Azərbaycan karate federasiyasının baş katibi Qabil Sayadovun, U18 milli komandasının baş məşqçisi Anar Allahverdiyevin, U21 milli komandasının baş məşqçisi Elnur İbrahimin və kata üzrə baş məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi altında iştirak edib.
Millimiz artıq Vətənə qayıdıb. İdmançılarımız Heydər Əliyev beynəlxalq hava limanında federasiya nümayəndələri, məşqçilər, valideynlər və idman ictimaiyyəti tərəfindən böyük coşqu və qürur hissi ilə qarşılanıblar.