Azərbaycan məşqçiləri qadın şahmatçılarımızın hazırlığı barədə nə deyiblər?

Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadınlardan ibarət Azərbaycanın 1-ci və 2-ci komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, millilərimiz məşqçilər – Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev, Sərxan Quliyev və Fərid Abbasovun rəhbərliyi ilə hazırlaşırlar.
2 mütəxəssisisimiz çalışmalar barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə bunu deyiblər:

Fikrət Sideyifzadə: “Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Olimpiadada 180-ə yaxın ölkə iştirak edəcək. Bu isə o deməkdir ki, Bakıda dünyanın istənilən nöqtəsindən komandalar mübarizə aparacaq. Meydan sahibi kimi yaxşı nəticə göstərməyə çalışacayıq. Bu günlərdə Qəbələdə ikinci təlim-məşq toplanışında iştirak edirik. Şahmatçılarımız yarışa çox ciddi hazırlaşır. Məşqlər gün ərzində 6-7 saat təşkil edir. Qadın şahmatçıların səylə hazırlaşmasından razıyam. Əsas diqqət debüt açılışına, partiyanın sonluğuna yönəlir. İnanıram ki, olimpiadada komandamız yaxşı çıxış etməklə layiqli yerini tutacaq”.

Sərxan Quliyev: “Bu komandanın ikinci hazırlığıdır. Şahmatçılar böyük həvəslə məşq edirlər. Məsuliyyəti başa düşürlər. Məşqlər zamanı debütlə yanaşı rəqiblərin oyununu da müzakirə edirik. Olimpiadada qadın komandaların arasında ciddi rəqabət olacaq. Buna görə də rəqiblərin oyunları mütləq təhlil olunmalıdır. Olimpiadaya qədər daha iki toplanış planlaşdırılır. Əvvəlcə Gürcüstan yığmasıyla yoldaşlıq görüşündə iştirak edəcəyik. Son hazırlıq isə avqustun 19-da başlayacaq. İnanıram ki, qadın şahmatçılarımız olimpiadaya tam hazır olacaq”.

Qeyd edək ki, ikinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq.

Həmin kateqoriyadan