Azərbaycan və Kuba Şahmat Federasiyaları arasında memorandum imzalandı

Azərbaycan və Kuba Şahmat Federasiyaları arasında anlaşma memorandumu imzalanıb. Allsport.az saytı xəbər verir ki, əməkdaşlıqda ilk olaraq qonaq tərəf, vitse-prezidenti Karlos Rivera Qonzales çıxış edib. O, memorandumu hər iki ölkədə şahmatın inkişafına müsbət təsir göstərəcəyini bildirib:

“İlk öncə hər kəsi salamlayıram. Bu, çox fəxredici məqamdır. Biz 2 federasiya arasında memorandum imzalanmasından qürur duyuruq. Hazırda çox gözəl şəhərdə, möhtəşəm bir yarışdayıq. Dəvət üçün Kuba Şahmat Federasiyası adından sizlərə təşəkkür edirəm. Biz bu əməkdaşlıqda çox maraqlıyıq. Çünki memorandum hər iki ölkədə şahmatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Fəxrlə bəyan edə bilərəm ki, Xose Raul Kapablankanın xaritəsinə həsr olunmuş növbəti yarışda azərbaycanlı şahmatçı da iştirak edəcək. Onun bütün xərclərini Kuba Şahmat Federasiyası qarşılayacaq”.

Ardınca söz AŞF-in vitse-prezidenti Mahir Məmmədova verilib. O, əməkdaşlıq memorandumunun Azərbaycan şahmatı üçün faydalı olacağını söyləyib: “Mən də öz növbəmdə Kuba tərəfini salamlayıram. Artıq aramızda görüş olub. Bundan öncə də müəyyən yazışmalar aparılmışdı. Yekunda qərara gəldik ki, əməkdaşlıq memorandumuna imza ataq. Bu, gələcək əməkdaşlığa zəmin yaradır. Kuba şahmat xəritəsində ən sevimli, görkəmli ölkələrdən biridir. 3-cü dünya çempionu Xose Raul Kapablankanın vətənidir. Şahmatçılarımız daha əvvəl də Kuba ərazisində keçirilən yarışlarda iştirak ediblər. Ümidvaram ki, bundan sonra da orada baş tutacaq turnirlərə qatılacaqlar. İndinin özündə də Kuba şahmat məktəbi çox məşhurdur. Kuba ilə əməkdaşlıq bizim üçün şərəfdir”.

Ardınca tərəflər arasında memorandum imzalanıb. Anlaşmanı Azərbaycan tərəfdən Mahir Məmmədov, Kuba tərəfdən isə Karlos Rivera Qonzales imzalayıb. Sonda xatirə şəkli çəkilib.

Həmin kateqoriyadan