Azərbaycan və Səudiyyə Ərəbistanı cüdo federasiyaları arasında əməkdaşlıq müqaviləsi

Azərbaycan və Səudiyyə Ərəbistanın cüdo federasiyaları arasında görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda ACF-in vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək, ölkəmizdə idmanın, xüsusən də cüdonun inkişafından, eləcə də bu idman növündə Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi  etməsindən söhbət açib. Ötən il Bakıda keçirilən cüdo üzrə dünya çempionatı və artiq bir neçə ildir respublikamızın ev sahibliyi etdiyi “Böyük dəbilqə” haqda ətraflı məlumat verib. O, Səudiyyə  Ərəbistanının cüdo federasiyası ilə əməkdaşlığın əhəmiyyətli olacağina inandığını bildirib.

Qarşı tərəfdən vitse-prezidenti Nabeəl Məhəmməd Əl-Həsən Azərbaycanın dünyanın idman ölkələri arasında xüsusi yerinin olduğunu bildirib. Azərbaycan cüdosunun inkişafından və cüdoçularımızın dünyanın ən güclülərindən olduğundan söhbət açan qonaq bu əməkdaşlıqdan böyük məmnunluğunu ifadə edib. O, Azərbaycanın təcrübəsindən uğurla yararlanacaqlarını söyləyib. Ardınca gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov danışaraq, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan,  eləcə də bu sahədə gedən güclü inkişafdan bəhs edib.

Görüşdə tərəflər dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini arzu edərək aşağıdakılar barədə razılığa gəliblər:  bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarının, turnirlərin və yoldaşlıq görüşlərinin təşkili və keçirilməsi; tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılması;  məşqçilər və hakimlər üçün birgə seminarların təşkili, müxtəlif  təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi;  müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi.

Sonra hər 2 tərəf arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma imzalanıb.

Həmin kateqoriyadan