Azərbaycan voleybol federasiyasına yeni prezident seçilib

Allsport.az xəbər verir ki, Azərbaycan voleybol federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. C.Qurbanov Azərbaycan atletika federasiyasına rəhbər seçilməsi səbəbindən voleybol federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət gömrük komitəsinin sədri Şahin Bağırov Azərbaycan voleybol federasiyasının yeni prezidenti seçilib. Çıxış edən federasiya prezidenti ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib: “Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq”. Ş.Bağırov həmçinin federasiyanın öncəki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib. Voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib.

Yığıncaqda həmçinin Faiq Qarayev Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov Günay Salamova isə idarə heyətinin üzvü seçiliblər.

Sonda Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış ediblər. F.Qarayev voleybolun inkişafına göstərdiyi dəstəyə görə federasiyanın sabiq prezidenti Cavid Qurbanova təşəkkür plaketi təqdim edib.

Həmin kateqoriyadan