FOTO
Azad Rəhimov Avropa çempioatında uğur qazanmış karateçilərlə görüşdü

Gənclər və idman naziri Azad Rəhimov ötən günlərdə İstanbulda 50-ci Avropa çempionatında uğurla çıxış edən Azərbaycan karateçilərini qəbul edib. Allsport.az xəbər verir ki, görüşdə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının (AKFA) prezidenti, millət vəkili Ülvi Quliyev və bu təşkilatın 1-ci vitse-prezidenti Fizuli Musayev, həmçinin Azərbaycan Milli Karate Federasiyasının (AMKF) 1-ci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankının (ABB) rəsmi nümayəndəsi İlham Qasımzadə ilə birgə, qitə çempionatında medallara sahib olan heyət iştirak edib.

Nazir Azad Rəhimov Bakı 2015 1-ci Avropa Oyunlarının favroitlərindən sayılan karateçilərimizin 2 qızıl, 1 gümüş və komanda yarışlarında 3-cü nəticə göstərməsini yüksək dəyərləndirərək, bu uğurun qarşıdakı məsul yarışlarda davam etdiriləcəyinə inandığını söyləyib. Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı qısa məlumat verən nazir həmçinin qeyd edib ki, bu ərəfədə karateçilərin Avropa çempionatından ürəkaçan nəticə ilə dönmələri onlar üçün əlavə bir stimul oldu. A. Rəhimov müharibə şəraitində olan Azərbaycanda karate kimi döyüş idman növləri ilə məşqul olan gənclərin daha çox olmasını arzuladığını ifadə etdi. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəisi Mirkamil Rəhimov nazirliyin hər zaman müxtəlif sahələrdə karateçilərimizə dəstək olduğunu bildirdi.

AKFA-nın prezidenti, millət vəkili Ülvi Quliyev dövlət tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü çatdıraraq karatenin Avropa Oyunlarının proqramına daxil edilməsi üçün Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin təşəbbüsünü nəinki ölkəmizdə bu döyüş idman növünün inkişafına, hətta karatenin Olimpiya oyunlarının proqramına daxil edilməsinə böyük təsir göstərəciyini qeyd etdi. Ü.Quliyev 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyevanın rəhbərliyi ilə yüksək səviyyədə təşkil edilən bu məsul yarışlarda karateçilərimizin öz töhfəsini verəcəklərinə inandığını dedi.

AKFA-nın 1-ci vitse-prezidenti Fizuli Musayev karateçilərimizin hər zaman etimadı doğrultuqlarının sevindirici hal olduğunu söylədi.

AMKF-in 1-ci vitse-prezidenti və ABB rəsmi nümayəndəsi İlham Qasımzadə görüşə görə Gənclər və İdman naziri Azad Rəhimova təşəkkür edərək federasiya prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında qarşıya qoyulan vəzifəyə böyük məsuliyyətlə yanaşıldığını söylədi. O bildirdi ki, baş məşqçi Rəhman Hətəmovun rəhbərliyi altında milli komandamızın uğurlar qazanması üçün baş sponsor tərəfindən bütün işlər yüksək səviyyədə qarşılanır. Avropa Oyunlarına qısa müddətin qalmasını nəzərə alaraq hazırlıq işlərinin daha güzcləndirilmiş dövrə keçdiyini deyən İ.Qasımzadə, yarışların ilk günlərində Azərbaycan xalqını bir daha sevindirəcəklərini vurğuladı.

Görüşün sonunda Avropa çempionatında fərqlənən karateçilərə qiymətli hədiyyələr təqdim edildi.

Həmin kateqoriyadan