- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Allsport.az saytı xəbər verir ki, yarışda 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə olimpiadalar tarixində rekord göstəricidir. 11 turdan ibarət yarış sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan olimpiadada 3 kişi və və elə bu sayda qadın komandası ilə təmsil olunacaq.
Bu gün Bakı Şahmat Olimpiadası ilə mətbuat konfransı keçirildi. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, yarışın baş hakimi Faiq Həsənov çıxış etdilər. Toplantıda Təşkilat Komitəsinin sədri, baş nazirin müavini Yaqub Eyyubov da qatıldı.
Gənclər və idman naziri Azad Rəhimov olimpiadaya hazırlıqda təşkilat komitəsinin fəaliyyətini yüksək qiymətləndirdi. Nazir əmin olduğunu bildirdi ki, həm kişilər, həm də qadınlardan ibarət komandalarımız uğurla çıxış edərək yüksək nəticə göstərəcəklər. O, olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, təşkilati işlərin peşəkarlıqla həyata keçirildiyini dedi.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov 2014-cü ilin fevralında Azərbaycan prezidentinin sərəncamına əsasən, olimpiadanın keçirilməsi üçün yaradılan təşkilat komitəsinin bütün prosesləri yüksək səviyyədə həyata keçirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bütün aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Büllur saray” bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib.
Bildirdi ki, idmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlərin görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib. Olimpiadanın açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq. Yarışa isə sentyabrın 2-də saat 15:00-da start veriləcək.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakının bu mötəbər yarışa tam hazır olduğunu vurğuladı. Dedi ki, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi yarış bu baxımdan olimpiadalar tarixində mühüm tədbirlərdən biri olacaq.
Sonra suallar cavablandırılıb. Qeyd edək ki, Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib.