- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
2009-cu ildən etibarən ölkəmizdə mini-futbolun inkişafına böyük töhvə vermiş “Azfar Group” hazırda Bakı və Sumqayıt şəhərlərində 29 stadionla həvəskar futbolçuların xidmətindədir. Allsport.az saytı xəbər verir ki, idman və sağlam həyat tərzinin təşviqini əsas tutan “Azfar Group” həvəskar futbolçuların bir araya gətirilməsini və onlar üçün peşəkar şəraitin yaradılmasını öz qarşısına məqsəd qoymuşdur. Bu istiqamətdə “Azfar Group” futbol meydançaları şəbəkəsini genişləndirir, mini-futbol həvəskarları arasında müxtəlif yarışlar və liqalar təşkil edir, eləcə də, uşaq futbolunun inkişafı üçün sosial layihələr həyata keçirir.
Görülən işlərin davamı olaraq, Azərbaycan mini-futbolunun beynəlxalq arenada təmsil olunması üçün “Azfar Group” Dünya Mini-Futbol Federasiyası (DMF) ilə əməkdaşlığa start verdi. Bu məqsədlə, ötən ay DMF-in Prezidenti cənab Filip Juda ölkəmizdə mini-futbolun inkişafı və “Azfar Group”-un fəaliyyəti ilə yaxından tanış olmaq üçün Bakıya səfər etmişdir. Səfər çərçivəsində mini-futbolun inkişafı ətrafında müzakirələr aparılmış, Azərbaycanın DMF-ə üzvlük imkanları müzakirə olunmuş və cənab Filip Juda Azfar Biznes Liqasının təqdimat mərasimində iştirak etmişdir.
Mini-futbolun ölkəmizdəki inkişaf səviyyəsindən məmnun qalan DMF-in Prezidenti öz növbəsində “Azfar Group”-u dünya mini-futbolunu təmsil edən təşkilatlarla tanışlıq üçün Tunisdə keçirələcək Minifutbol üzrə Dünya Çempionatına dəvət etmişdir. 6-15 oktyabr, 2017-ci il tarixlərində Tunisin Nabeul şəhərində keçirilmiş Mini-Futbol üzrə DÇ-də “Azfar Group”-un nümayəndələri iştirak etmiş və DMF-in İngiltərə, ABŞ, Rusiya, İspaniya, Portuqaliya, Argentina, Fransa, İsveçrə, Rumıniya kimi üzv ölkələri ilə mini-futbolun inkişaf perspektivləri müzakirə olunmuşdur. Səfər çərçivəsində DMF-in Ümumi Yığıncağına dəvət almış “Azfar Group” nümayəndələri Azərbaycanda mini-futbolun inkişafı barəsində üzv ölkələrə ətraflı məlumat vermiş və ölkə mini-futbolumuzun beynəlxalq səviyyədə tanınması üçün bütün zəruri şəraitin olduğunu göstərmişdir.
Sonra DMF-in prezidenti ilə keçirilmiş ikitərəfli görüş zamanı Azərbaycanın DMF-ə üzv olması üçün danışıqların davam etdiriləcəyi vurğulanmış və bu istiqamətdə “Azfar Group” ilə DMF arasında Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən, Azərbaycanın DMF-ə üzv qəbul olunması üçün prosedur qaydaları öyrəniləcək və “Azfar Group” ilə DMF arasında mini-futbolun inkişafı üzrə təcrübə mübadiləsi aparılacaqdır. Bu sahədə “Azfar Group”-un əsas məqsədi mini-futbol üzrə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli futbolçularla digər ölkə futbolçuları arasında peşəkar və dostluq əlaqələrinin qurulması və ölkəmizdə həvəskar futbolçulara göstərilən xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Qeyd edək ki, artıq Azərbaycanın DMF-ə üzv olması istiqamətində ilk addım kimi “Azfar Group”-un təsisçiliyi ilə Azərbaycan Mini-Futbol Assosiasiyasının yaradılması üzrə işlərə start verilmişdir.