- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bakıda keçirilən şahmat üzrə qran-prinin reytinq favoriti Fabiano Karuana 4-cü turdan sonra jurnalistlərin suallarına cavab verib. Allsport.az saytı xəbər verir ki, İtaliya qrossmeysteri bu yarışda hədəfini açıqlayıb və növbəti turda Teymur Rəcəbovla görüşə toxunub.
– 4-cü turda Şəhriyar Məmmədyarov üzərində qələbə qazandınız. İlk qələbə haqda nə düşünürsünüz?
– Şəhriyar mənə qarşı tanış debüt oynadı. Həmin debütü Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində də oynamışdı. Oyun zamanı iki fiquru qurban verdi. Çox nadir hallarda rəqiblərim belə oynayır. Bu onun üçün çətinlik yaratdı. Nəticədə, Şəmkirdə olduğu kimi mən qələbə qazandım. Qeyd etməliyəm ki, iki fiquru qurban verməsinə baxmayaraq sona qədər mübarizə apardı. Bəzi anlarda hətta mənə çətinlik də yaratdı.
– Bu qələbədən sonra reytinqiniz 2849 oldu. Artıq yeni rekorda doğru irəliləyirsiniz…
– Reytinqim haqda düşünmürəm. Əsas öz oyunumdur. Qələbə olacağı halda reytinq də yüksələcək. İstirahətdən sonra Teymur Rəcəbovla oynayacam. Rəcəbov yaxşı şahmatçıdır. İstərdim ki, qələbələrimi davam etdirim. Amma bilirəm ki, Teymurla görüşüm asan olmayacaq. Şəmkirdəki turnirdə də mübarizəmiz çətin olmuşdu.
– İlk üç turda qələbə qazanmaq şansınız olsa da səhvlərə yol verdiniz. Bəlkə ardıcıl bir neçə turnirdə oynadığınıza görə yorulmusunuz?
– Hər şey qaydasındadır. Ardıcıl bir neçə turnirdə iştirak etməyimə baxmayaraq qran-prinin önəmi böyükdür. 4 mərhələdən ibarət yarışda qaliblər sırasında olmaq istəyirəm. Çünki, əsas hədəf iddiaçılar turnirində iştirak etməkdir. Yeni mövsümdə qran-pridə ilk iki yerdən birini tutmaq iddiasındayam. Bununla iddiaçılar turnirində iştirakımı təmin etmək fikrindəyəm.
– Bakıdakı turnirin reytinq favoriti sizsiniz. Hamı sizdən qələbə gözləyir. Bəlkə buna görə müəyyən mənada səhvləriniz çoxdur….
– İlk üç turda səhvlərim çox oldu. Nakamurayla görüşdə üstünlüyüm var idi. Lakin üstünlüyü sona qədər saxlaya bilmədim. Qələbə imkanlarım olsa da, sonda heç-heçə oldu. Bəlkə qələbəni çox istəməyim mənə təsir edir. Fikrimcə hazırlığım qaydasındadır və buna görə də növbəti turlarda daha yaxşı oynamaq imkanım olacaq.
– Maqnus Karlsenə qarşı mübarizədə siz daha şanslı sayılırsınız. Yəqin, Karlsen olmayan turnirlərdə motivasiyanız azalır…
– Bütün turnirlərdə maksimum nəticəyə oynamağa çalışıram. Karlsenə gəldikdə, ona qarşı əlavə motivasiyaya ehtiyac yoxdu. Maqnus çox güclü şahmatçıdır. Ona qarşı oynamaq maraqlıdır. Əlbəttə, oyunumuz çətin olur. Amma Karlsenlə oynamaq hər zaman maraqlı və cəlbedicidir.
– Şahmatda ən böyük iddianız yəqin ki, çempionluqla bağlıdır….
– Sözsüz ki, dünya çempionu olmaq ən böyük istəklərimdən biridir. Hər bir şahmatçı istəyir çempionluq matçında iştirak etsin. Bunun üçün marafonda uğur qazanmaq lazımdır. Əvvəlcə, Qran-Pridən iddiaçılar turnirinə vəsiqə almaq, sonra orada nəticə qazanmaq vacibdir. Gələcəkdə istərdim ki, ən böyük titula sahib çıxım.
– Qran-pri günlərində Bakını gəzmək istəyin var?
– İstirahət günlərində təşkilatçılardan təklif gözləyirəm. İçərişəhərdə olmaq istərdim. Oyun günlərində gecələr dənizkənarı bulvarda gəzişirəm. Məşqçimlə birgə mütaliə edirik. Partiyanı təhlil etdikdən sonra növbəti oyun haqda danışırıq. Dənizkənarı bulvar çox gözəldir. Bakının gecə görünüşü məni valeh edir.