Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi otellərlə qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlayıb

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasında qonaqların və iştirakçıların məskunlaşacağı mehmanxanalarla qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalayıb. Allsport.az saytı xəbər verir ki, imzalanmada çıxış edən Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov dəstəyə görə təşəkkürünü bildirib və Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsində otellərin rolunun böyük olduğunu qeyd edib:

“Azərbaycan paytaxtı Bakıda çoxlu sayda yüksək səviyyəli otellər var. Əməliyyat Komitəsi olaraq əməkdaşlıq etdiyimiz otellərin ən yaxşılar sırasında olduğuna əminik. Olimpiadada 175-dən çox ölkədən 2500-dən artıq yaxın şahmatçı, məşqçi, rəsmilər və qonaqlar paytaxtımıza gələcək. Onların 15 gün ərzində yaxşı şəraitdə yaşamasını təmin etmək vacibdir. Ən vacib məqamlardan biri qidalanmayla bağlıdır. Kütləvi yarışlarda hamını razı salmaq çətin olsa da mümkündür. Sizlələ birgə 42-ci Şahmat Olimpiadasını yüksək səviyyədə keçirəcəyimizə inanırıq”.

FİDE-nin vitse-prezidenti, hazırda qurumun rəhbəri vəzifəsini icra edən Georgios Makropulos olimpiadaya dəstək olduqları üçün bütün otellərə təşəkkür edib: “Şahmat Olimpiadası idman təqvimində ən kütləvi yarışlardan biri sayılır. 170-dən çox ölkənin iştirak etdiyi yarışda qonaqların qalacağı məkan diqqət mərkəzində olan amillərdən biridir. Şahmat Olimpiadasının bir hissəsi olaraq Əməliyyat Komitəsiylə əməkdaşlığa sizə təşəkkür edirik. Azərbaycan şahmat üzrə bir sıra mötəbər yarışlar təşkil edib. 2015-ci ildə Dünya Kuboku bu gözəl şəhərdə yüksək səviyyədə keçirildi. Ona görə Bakıdakı olimpiadanın da ən yaxşı xatirələrlə yadda qalacağına ümid edirik”.

Qeyd edək ki, mərasimdə “Fairmont Hotel”, “Holiday Inn”, “Park Inn”, “Intourist”, “Boulevard Hotel”, “Qafqaz City”, “Qafqaz Sport”, “Hilton” və “Days Inn” mehmanxanaları ilə müqavilələr imzalanıb.

Həmin kateqoriyadan