Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar

Allsport.az saytı xəbər verir ki, FİVB-nin level-1 seminarı iyulun 7-dək davam edəcək. Bu gün açılış mərasimində AVF-nin vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov, MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, AVF-nin regional inkşaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova və FİVB-nin məşqçi-instruktoru türkiyəli Cingiz Axarçeşmə iştirak ediblər.

Tədbirdə FIVB-nin təşkil etdiyi layihənin əhəmiyyətindən danışılıb, bu seminarın yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəyi vurğulanıb. Qonaqlar bütün iştirakçılara uğurlar arzulayıblar.

Ümumilikdə 34 nəfərin iştirak etdiyi seminarda Bakı və bölgələrimizdən olan məşqçilərlə yanaşı, Türkiyə, Almaniya və İrandan gələn mütəxəssislər də iştirak edirlər. Seminara türkiyəli Cingiz Axarçeşmə rəhbərlik edir. Mütəxəssisin köməkçisi daha öncə FİVB-nin məşqçilik sertifikatı almış, millimizin də üzvü olan Tural Həsənlidir.

Seminar nəzəriyyə və təcrübədən ibarət olacaq. İyulun 7-də isə imtahan təşkil ediləcək. Nəticəyə uyğun olaraq, bu mərhələni uğurla keçəcək mütəxəssislərin adları bilinəcək.

Həmin kateqoriyadan