- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İyulun 3-ündən 7-sinə kimi davam edən Beynəlxalq voleybol federasiyasının (FİVB) level-1 seminarında Bakı və bölgələrimizdən olan məşqçilərlə yanaşı, Türkiyə, Almaniya və İrandan, ümumilikdə, 34 mütəxəssis iştirak edib. Allsport.az saytı xəbər verir ki, toplantıya rəhbərliyi türkiyəli Cingiz Axarçeşmə edib, onun köməkçisi daha öncə FİVB-nin məşqçilik sertifikatı almış, millimizin də üzvü Tural Həsənli olub.
Seminar nəzəriyyə və təcrübədən ibarət idi. İyulun 6-sında iştirakçılar praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan mütəxəssislər bir gün sonra baş tutan nəzəri imtahanda iştirak haqqı qazanıblar. İyulun 7-sində keçirilən son imtahandan sonra yüksək nəticə göstərmiş iştirakçılar müəyyənləşib. İmtahanda iştirak edən 29 nəfərdən 17-i FİVB-nin Level-1 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb.
İmtahanlardan sonra seminarın bağlanış mərasimi olub. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftəhəddinova, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, FİVB-nin məşqçi-instruktoru türkiyəli Cingiz Axarçeşmə və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Çingiz Hüseynzadə MOK-un yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə xidmət edən layihələr gerçəkləşdirdiyini bildirib. Ölkəmizdə voleybolun uğurlu ənənəyə malik olduğunu deyən vitse-prezident bu idman növünün inkişafı istiqamətində görülən işlərdən danışıb. Belə layihələrin davam etdiriləcəyini əlavə edib. O, sertifikat alan məşqçiləri təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra Faiq Qarayev seminarı uğurla başa vurmuş mütəxəssisləri təbrik edib, hər bir idman növünün inkişafında məşqçilərin rolunun vacibliyini vurğulayıb. Onun sözünə görə, belə layihələr məşqlilərin beynəlxalq səviyyəyə yüksəlməsində mühüm əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən Bəhruz Quliyev uşaq voleybolunun inkişafına böyük diqqət ayrıldığını bildirib və AVF-nin bununla bağlı həyata keçirdiyi tədbirlərdən danışıb. O, artıq bu istiqamətdə bir sıra işlər görüldüyünü, əcnəbi mütəxəssislərin də cəlb olunduğunu vurğulayıb. Bildirib ki, həmçinin Bakıda regional voleybol klublarının yaradılması da nəzərdə tutulur. Fərqlənən mütəxəssisləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Seminara rəhbərlik edən türkiyəli mütəxəssis Cingiz Axarçeşmə layihənin məşqçilər üçün nəzəri və təcrübi cəhətdən böyük əhəmiyyətə malik olduğunu bildirib. Mütəxəssis qeyd edib ki, digər ölkələrdə belə seminarlar ödənişli olduğu halda, Bakıda bu layihə ödənişsiz təşkil edilib. O, bunun Azərbaycanda voleybolun inkişafına böyük diqqət ayrıldığının göstəricisi olduğunu deyib və bu halı yüksək qiymətləndirib.
Sonda Level 1 dərəcəsi alan məşqçilərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib. Yaxın vaxtlarda Bakıda FİVB-nin level-2 və level-3 seminarlarının keçirilməsi də nəzərdə tutulur.