- Baxış sayı: 33
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 57
- Noyabr 21, 2024
- 0
Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 13-cü və 14-cü turda son ölkə çempionu “Bakı” bu mövsüm iddialı “İdman Akademiyası”na hər 2 oyunda yenilib – 31:36, 25:39. Komandanın baş məşqçisi Eldar Fərəcov bunu heyətin zəifləməsi və gəncləşməsi ilə əlaqələndirib. Allsport.az saytına açıqlamasında o, durumu belə izah edib:
“Bildiyiniz kimi, cari çempionatda komanda xeyli zəifləyib. Təbii ki, bu da nəticədə özünü göstərməyə bilməz. Hazırda autsayderik. Amma o demək deyil ki, mübarizədən qopmuşuq. İmkan daxilində müqavimət göstəririk. İlk 2 yerə imkanımız qalmayıb, amma bürünc medallar uğrunda nəzəri şansımız var.
Komandada yeganə təcrübəli həndbolçumuz zədələnib və uzun müddətə sıradan çıxıb. Yerdə qalan 16-17 yaşlılardır, onlarla işləməyə vaxt lazımdır. Səhvlər oyundan oyuna aradan qalxır. İndi dövr də dəyişib. Əvvəllər gənclər tez qavrayırdı, indi aylar lazımdır. Yenə də çalışırıq. Bir tərəfdən, cavanlarla işləməyin faydası var: həm ruhun cavanlaşır, həm də milli komandanın gələcəyinə töhfə vermiş olursan.
Bu gün autsayderik, ancaq rəqibləri bizimlə hesablaşmağa vadar edir. Deməsinlər ki, rahat çıxıb bizi üstələyəcəklər. Nədə uduzuruq? Top itkisi, qeyri-dəqiq ötürmələr və düşən fürsəti düzgün dəyərləndirməmək. Təkbətəkdən yararlanmamaq isə çox acınacaqlıdır. Son 4 oyunun statistikasını hesablamışıq: 56 real qol imkanı qaçırılıb! Bu, çox böyük rəqəmdir, qaçırılan qələbələrdir. Sözsüz ki, qeyd etdiyim heyətin təcrübəsiz olduğundan irəli gəlir. Çalışacağıq, zamanla hər şeyi yoluna qoyaq”.