Birinci dəstədə mübarizə başa çatdı

Respublika şahmat mərkəzində təşkil edilən kişi və qadınlar arasında I dəstə yarışlarına yekun vurulub. Allsport.az xəbər verir ki, seçmə xarakter daşıyan turnirdə kişilər arasında ilk 5 yer, qadınlar arasında isə ilk 2 yeri tutan şahmatçılar Azərbaycan çempionatına vəsiqə qazanıb.
Beləliklə, 7 xal toplayan Murad İbrahimli yarışın qalibi olmaqla yanaşı həm də Azərbaycan çempionatında iştirak etmək hüququ əldə edib. Hərəyə 6 xal toplayan və müvafiq olaraq 2-5-ci yerləri bölüşən Kənan Qarayev, Süleyman Süleymanlı, Ümid Aslanov və Paşam Əlizadə kişilər arasında Azərbaycan çempionatında mübarizə aparacaq.
Qadınların yarışında hərəyə 7,5 xal toplayan Lalə Hüseynova və Məryəm Ağaverdiyeva yarışı 1-2-ci yerlərdə başa vurub və ölkə çempionatına vəsiqə əldə edib.
Yarışın ümumi mükafat fondu 10 min manat təşkil edib. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafata sahib çıxıb.
Kişi və qadınlar arasında Azərbaycan çempionatı yanvarın 31-də start götürəcək.

Həmin kateqoriyadan