- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki son oyununda şansları, Məşqçilər Şurasındakı işi barədə danışıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir:
– Avroliqanın son turunda “Qarabağ”ın rəqibi İtaliyanın “İnter” klubu olacaq. Azərbaycan çempionunun şanslarını necə qiymətləndirirsiniz?
– “İnter” Bakıya ikinci heyətlə gəlsə belə, şanslarımızı yüksək qiymətləndirməyək. “Qarabağ” Avropa Liqasında ölkəmizi layiqincə təmsil etdi. Amma son oyunda rəqibin İtaliya təmsilçisi olduğunu unutmayaq. Bu komanda istənilən heyətlə güclüdür. Onların Bakıya gəldiyi heyət qələbə üçün alışır. Həmin futbolçular özlərini Roberto Mançiniyə göstərmək istəyir. Çünki, qış transfer pəncərəsində Mançini dəyişiklik edəcək. Bakıya gələn futbolçular isə özlərini göstərməklə “İnter”də qalmaq istəyəcəklər. Şansımız var, amma matçın necə başa çatacağını söyləmək çətindir.
– Bu gün “Qarabağ” pley-offa çıxa bilər. Reynaldo, Çumbinyo, Dias olmadan bu mümkündürmü?
– Qurban Qurbanovun məşqçilik bacarığına inanıram. Rəqibi yaxşı təhlil edəcək. Azarkeşlərimiz komandanı dəstəkləyəcək. “İnter”lə inamlı oynasaq, yaxşı nəticə qazana bilərik. Təəssüf ki, qrupdakı digər oyundan da çox şey asılıdır. Bununla belə indi pley-offa düşmək barədə yox, komandamızın oyununu düşünməliyik. “Qarabağ”a inanıram, fikrimcə, futbolçularımız maksimum oyunlarını göstərməyə çalışacaq.
– Sizin “Neftçi” ilə oynadığınız “İnter” güclü idi, yoxsa Bakıya gələcək komanda?
– “Neftçi”nin oynadığı “İnter” əsas heyətlə mübarizə aparırdı. Həmin heyətdə 6 futbolçu əsas heyətdən idi. Həmin “İnter” daha güclü idi. “Qarabağ”a qarşı oynayacaq heyətdən məlumatım azdır. Lakin rəqibə zəif və ya ikinci heyətlə gəlir demək olmaz. “İnter” istənilən heyətlə “İnter”dir.
– “İnter” Bakıya oyundan 1 gün əvvəl gəlib. Bu amil rəqibin oyuna ciddi yanaşmaması deməkdir?
– Hazırda Roberto Mançinini A Seriyası maraqlandırır. Komanda ölkə çempionatında pis çıxış edir. Avroliqada artıq qrup mərhələsini adlayıblar. Ona görə A Seriyası daha vacibdir. Bu, o demək deyil ki, Mançini üçün “Qarabağ”la oyun vacib deyil. O kifayət qədər təcrübəli və özünü sübut edən məşqçidir. Əminəm ki, Mançini Bakıda qələbəyə oynayacaq.
– “Qarabağ”ın 5 oyundan sonra Avropa Liqasında çıxışı barədə hansı fikirdəsiniz?
– Azərbaycan çempionu qədərindən artıq nəticə qazandı. Qurban Qurbanov gözləniləndən maksimum xal topladı. “Qarabağ” 5 xalla qrupda ikincidir. Üstəlik, ilk dəfə səfərdə qələbə qazandılar. Son oyunun nəticəsindən asılı olmayaraq, Avroliqadakı çıxışları yaxşı alındı. Azarkeşləri gözəl oyunla sevindirdilər.
– “Qarabağ” “Neftçi”nin uğurlarını təzələdi. Ağdam təmsilçisi 5 xal topladı, ilk səfər qələbəsini əldə etdi…
– Bu amillər məni yalnız sevindirir. İlk dəfə Avropa Liqasına azərbaycanlı məşqçinin rəhbərliyi altında vəsiqə qazandıq. Bu gün Avropada uğur qazanan “Qarabağ”ın baş məşqçisi də həmyerlimiz Qurban Qurbanovdur. Çox sevinirəm ki, uğurlarımızı məhz öz məşqçimiz yeniləyir. Bu, bir daha məşqçilərimizin gücünü göstərir.
– Məşqçilər Şurasının üzvü kimi Aslan Kərimov, Nikolay Adamla görüşləriniz oldu. Hansı məsələlər müzakirə edildi?
– Biz onlardan 2015-ci il üçün planı istədik. Hazırlıq planı ilə tanış olmaq istərdik. Onların təlim-məşq vaxtları və məkanlarını öyrəndik. Yəqin, Məşqçilər Şurasından bir nəfər aşağı yaş qrupları üzrə yığmaların təlim-məşqlərini izləyəcək. Onlara dedik ki, işlərinə müdaxilə etmək fikrimiz yoxdu. Sadəcə, nəzarət etmək və daha yaxşı olması üçün məsləhətlərin verilməsi mümkündür.