Cavid Qurbanov: Tapşırıq vermişəm ki, hər bir voleybolçu dövlət himnini öyrənsin

Bu gün Dərnəgüldə voleybol mərkəzində ölkə çempionatının açılışı oldu. Allsport.az saytı xəbər verir ki, mərasimindən sonra AVF-in prezidenti Cavid Qurbanov KİV-ə müsahibə verdi:

“İndi əsas güc gənclərə verilib. 12 voleybolçumuz ölkə xaricində çıxış edir. Hamısı da ad qazanmış voleybolçulardır. Əvvəllər qızlar üstünlük təşkil edirdi, bu çempionatda kişilər də gərgin rəqabətə qoşulublar. Mən burdan fövqəladə hallar nazirliyinə, sərhəd qoşunlarına və dövlət iqtisad universiteti rəhbərliyinə, ümumən bu işdə bizə yardım edən hər kəsə təşəkkürümü çatdırıram. Qızların orta əməkhaqqısı təxminən 2000 manata yaxındır. Voleyboldan gözəl nə var ki? Həm yaxşı əməkhaqqı verilir, həm sağlamlıqdır, həm də dünyanı görmək imkanı olur. 

Çox yaxşı olardı ki, bütün universitetlərin komandaları olsun. Xaricdə belədir. Öncə klub yaranır, sonra inkişaf etdirilir və peşəkara çevrilir. Üzümü ucqar rayonlardakı valideynlərə tutub deyirəm ki, qızlara imkan verin voleybol oynasınlar, inkişaf etsinlər. Voleybol həm də qızlara həyatlarını qurmaq üçün yaxşı şərait yaradır. Bəzi düşüncələri dəyişmək lazımdır. Çalışacağıq Gəncədə. Qazaxda və Zaqatalada da oyunlar keçirək. Cənab prezident İlham Əliyevin dəstəyi ilə hər bir rayonda olimpiya idman mərkəzləri tikilib. Hər cür şərait var. Biz də voleybolun daha çox ictimailəşməsinə, populyarlaşmasına çalışacağıq.

Bölgələrdə iş təkcə mənim yox, hər kəsindir. Ona görə də üzümü universitetlərə, nazirliklərə tuturam. Biz də bacardığımız qədər dəstək verəcəyik. Qızlardan ibarət komandalarımız həmişə yüksək yerlər tutublar. 4 dəfə Avropa çempionatında 4-cü yerə çıxıblar.

Tapşırıq vermişəm ki, hər bir voleybolçu himnimizi bilsin. Hər bir vətəndaşın ilk məsuliyyəti dövləti, dövlətçiliyidir. Öncə Vətən, dövlət. Bu olmasa, heç nə olmaz. Hər kimsə dövlətin himninə bayrağına hörmətlə yanaşacaqsa, biz də ona hörmət edəcəyik. Dövlətini sevən onun ana laylası olan himnini bilməlidir”.

Həmin kateqoriyadan