- Baxış sayı: 34
- 26 Yanvar 2025 20:24
- Baxış sayı: 32
- Yanvar 26, 2025
- 0
Azərbaycan cüdo federasiyası (ACF) yeni olimpiya mərhələsi ərəfəsində milli komandaların bütün yaş kateqoriyalarında işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektiv şəkildə keçidini təmin etmək məqsədilə məşqçilər heyətində bir sıra dəyişikliklər barədə qərar qəbul edib.
Allsport.az xəbər verir ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman milli komandaların bütün yaş qrupları üzrə fəaliyyətinin təşkilinə və koordinasiyasına nəzarət edəcək performans direktoru vəzifəsinə təyin edilib. O, eyni zamanda kişilərdən ibarət seçmədə baş məşqçisi kimi fəaliyyətini də davam etdirəcək.
Elxan Məmmədov kişilərdən ibarət milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Buna qədər o, gənclərdən ibarət milli komandanın baş məşqçisi kimi çalışıb.
Həmçinin, indiyə qədər Polşa, Avstriya və Belçikada çalışmış Robert Kravçik böyük məşqçi kimi fəaliyyət göstərəcək. 2013-cü ildən məşqçilik fəaliyyəti göstərən mütəxəssisin tələbələri olimpiya oyunları, Avropa oyunları və çempionatlarının mükafatçıları olublar.
Gənc oğlanlardan ibarət milliyə baş məşqçisi vəzifəsi isə indiyə qədər yeniyetmələrdə bu vəzifəni icra edən Rüstəm Alimliyə həvalə edilib.
Yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi isə indiyə qədər bu komandada məşqçi kimi çalışan Emin İsgəndərov təyin edilib.
Gənc və yeniyetmə oğlanlardan ibarət milli komandaların texniki və taktiki hazırlığının müasir standartlara uyğun təmin edilməsi üçün Kotaro Sasaki bu komandalarda məşqçi kimi fəaliyyət göstərəcək. Yaponiyanın məhşur “Tokai” universitetinin məzunu 2016-cı ildən etibarən Yaponiya və Avropada bir sıra klublarda məşqçi kimi çalışmaqla yanaşı, müəyyən müddət Polşa cüdo federasiyasında yeniyetmələrdən ibarət komandanın əsas məşqçisi, həmçinin olimpiya heyəti üzrə və gənclərdən ibarət milli komandanın köməkçi məşqçisi kimi fəaliyyət göstərib. Onun yetirmələri böyüklər və gənclər arasında dünya çempionatlarının mükafatçıları olublar.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədovla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verilib. Federasiya Rəşad Məmmədova göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Əminə Abdullətif təyin edilib. 2006-cı ildən etibarən məşqçilik təcrübəsi olan bu şəxs Fransanın gənc və yeniyetmələrdən ibarət milli komandalarının məşqçisi vəzifəsində çalışıb, son illərdə bu ölkənin milli idman institutunda cüdo şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Onun yetirmələri böyüklər, gənclər və yeniyetmələr arasında dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçıları olublar.
Saşa Herkenrat-Vimar qadınlardan ibarət milli komandanın məşqçisi vəzifəsinə təyin edilib. 2016-cı ildən məşqçilik fəaliyyəti ilə məşğul olan mütəxəssisin yetirmələri dəfələrlə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatının mükafatçısı olublar.