- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə dünya seriyasının final mərhələsi keçirilib.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib və onların üçü də fəxri kürsüyə qalxıb.
Təmsilçimiz Omid Kamaliağdam (80 kq) C qrupunda Rumıniyanın 2 güləşçisinə qalib gəldikdən sonra Portuqaliya idmançısını üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Ukrayna təmsilçisinə məğlub olan güləşçimiz Rumıniyadan olan rəqibinə növbəti dəfə qalib gələrək dünya seriyasının sonuncu – dördüncü mərhələsini bürünc medalla başa vurub.
Turnirdə 90 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Yusubov təsnifatda yunan güləşçini mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib. Yunanıstanın daha bir təmsilçisinə qalib gəldikdən sonra Pakistan idmançısına uduzan İ.Yusubov Ukrayna pəhləvanından güclü olmaqla yarımfinala vəsiqə qazanıb. Türkiyəli rəqibinə xal verməyən güləşçimiz həlledici görüşdə gürcü həmkarını məyus edərək qızıl medala sahib çıxıb.
A qrupunda mübarizəyə start verən Oyan Nəzəriani (+90 kq) Yunanıstanın 2 güləşçisi ilə yanaşı, İtaliya idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Rumıniya təmsilçisinə gücünü göstərən O.Nəzəriani finalda Gürcüstan pəhləvanını da məğlub edərək turnirin baş mükafatına yiyələnib. Nəzəriani həm də yarışın ən yaxşı fəndini edən güləşçi kimi xüsusi mükafata sahib çıxıb.
Beləliklə, iyulda Fransada startı verilən və 4 mərhələdən ibarət olan çimərlik güləşi üzrə dünya seriyasına Rumıniyada yekun vurulub. Bu mərhələlərdə toplanan xallara əsasən, dünya çempionları müəyyənləşib. İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) dünya ikincisi olublar. Bu 2 güləşçi ilk mərhələdə iştirak etməyib.
Dünya seriyasının final mərhələsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.